Vergi ödəyicisi olaraq, bankdan xarici valyuta alan zaman kommersiya bankı ilə Mərkəzi Bankın məzənnə fərqindən yaranan fərq vergi baxımından gəlirdən çıxılan xərc kimi nəzərə alınırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Banker.az”a bildirilib ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranmış məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.