Bu gün bankir obrazı imkanlı və sanballı bir insanla assosiasiya olunur. Cavanlar üçün bankda işləmək ən yüksək vəzifələrdən hesab edilir.
Hər il daha çox gənc mütəxəssislər bank işi ixtisasına yiyələnirlər, universitetlərdə bankçılıqla əlaqədar yeni fakultələr açılır, və hər il bank işi və maliyyə ixtisasına maraq göstərən abituryentlərin sayı da artır. Bank işinə olan maraq tək universitetlərdə deyil, digər tədris ocaqlarında da özünü bir azə verir. İnkişaf edən konyunktura fonunda texniki profidən tutmuş kulinar profilədək yeni-yeni müəssisələr bank işini öyrətməyə başlayır.
Bank sistemində yüksək səviyyəli işçilərə təlabat çox yüksəkdir amma universiteti “Bank işi” ixtisası ilə bitirən bir çox məzunlar banklar tərəfindən əmək bazarında tələbat olmasına baxmayaraq işsiz qalırlar. Səbəb nədir? Tələbat təkcə ali təhsilli deyil, həm də bir neçə ildən az olmayaraq iş təcrübəsi olan, xarici dil bilən və digər bacarıqları olan işaxtaranlara yönəlmişdir.
Bankir karyerasına başlayarkən bu peşənin hansı imkanlara malik olduğunu bilmək lazımdır. Çox adam bankir olmaq istəyir, amma bankir olub nə işlə məşğul olacağından xəbəri yoxdur. Bizim cəmiyyətimizdə, bank çox zaman kredit verən bir müəssisə kimi müəyyən olunur. Amma bankın bütün fəaliyyəti bundan ibarət deyil. Bir çox ölkələrdə bankların çoxu universaldırlar, yəni müxtəlif əməliyyat növlərini yerinə yetirirlər və müxtəlif müştəri sektorlarına xidmət edirlər.
Hər bir bank passiv (yatırım qismində pulların, depozitlərin cəlb olunması) və aktiv (cəlb olunmuş pulların yerləşdirilməsi və kreditlər, qiymətli kağızlar və digər gəlir gətirən alətlər) əməliyyatlar həyata keçirir. Universal bankın əsas Bölmələri və onların funksiyaları ilə tanış olaq. (Bu bölmələr ümumi təsəvvür üçün göstərilmiş və heç konkret olaraq heç bir bankın daxili strukturunu əks etdirmir)
Kredit bölməsi aktiv əməliyyatlarla məşğuldur. Bölmənin funksiyaları: güvənilən borc alanların axtarışı, əsasında kredit götürüləcək biznes-layihənin təhlili, girovun və ya digər təminatın etibarlılığının təhlili, kredit dosyelərinin aparılması, kreditin məqsədyönlü istifadəsinə nəzarət, girovun qorunub saxlanmasına nəzarət və s. Belə düşünmək doğru deyildir ki, kreditin verilməsi haqda qərarı kreditləşmə bölməsinin müdiri və ya bankın rəhbəri qəbul edir. Bu qərar yalnız bankın müxtəlif bölmələrinin müdirlərindən ibarət olan kredit komitəsi tərəfindən qəbul edilir. İnvestisiya bölməsi də aktiv əməliyyatlarla məşğul olur. Bölmənin funksiyaları: uzunmüddətli yatırım (sərmayə) tələb edən layihələrin təhlili, o cümlədən müəssisələrin alınması zamanı,bu layihələrin gedişi, müəssisələrin maliyyə vəziyyəti və inkişfına nəzarət.
Qiymətli kağızlar bölməsi aktiv əməliyyatlarla məşğuldur, məsələn, birjada və bazarda qiymətli kağızlarla ticarət, gəlirli qiymətli kağızlara yatırımın həyata keçirilməsi; eləcə də passiv əməliyyatlar, məsələn, pul vəsaitlərinin cəlb edilməsi və vasitəçilik əməliyytları məqsədilə şəxsi veksellərin buraxılışı.
Dilinq bölməsi (xəzinədarlıq) bazarda daima mövcud olan risklər şəraitində çalışır. Bölmənin funksiyaları: pul və valyuta bazarında ticarət, bankın likvidliyinin (likvidlik- bankın öz kreditor və sərmayəçilərinə pul ödəmə qabiliyyətidir) saxlanması. Beləliklə, bölmə qısamüddətli pullar bazarında həm aktiv, həm də passiv əməliyyatlarla məşğuldur: qısamüddətli kreditlər cəlb edir və onları daha yüksək tariflə yerləşdirir (bunlar arbitraj sövdələşmələri adlanır). Belə kreditlər hətta 1 gün müddətinə ola bilərlər. Valyuta bazarında bölmənin vəzifəsi valyutanı müştərilərə və digər banklara alıb-satmaqla valyutaların məzənnə dəyişikliklərində qazanmaqdır.
Depozit bölməsi passiv əməliyyatlarla məşğuldur. Bölmənin funksiyaları: yatırım və depozitlərin cəlb olunması. Depozitlər təkcə özəl yatırımçılardan deyil, həm də müəssisələrdən qəbul edilir. Bölmənin vəzifəsi – daha yüksək tariflə yerləşdirmək məqsədilə banka uyğun olan tariflərlə lazımı pul həcminin cəlb olunması.
Fond bölməsi passiv əməliyyatlar həyata keçirir. Bölmənin funksiyaları : bankın səhm və istiqrazlarının bazarda yerləşdirilməsi.
Bankın sadalanan bütün Bölmələrinin məqsədi birdir- gəlir əldə etmək. Lakin bu bölmələr xidmət bölmələri olmadan fəaliyyət göstərə bilməzlər. Xidmət bölmələri qazanan Bölmələrdən heç də az əhəmiyyətə malik deyillər. Yaxşı mühasib, heç də yaxşı dilerdən az qiymətləndirilmir. Diler pul qazanmağı, mühasib isə onu səmərəli şəkildə xərcləməyi bacarır. Əsas xidmət bölmələri ilə tanış olun:
Əməliyyat bölməsi (müştəri bölməsi) – müştərilərin hesablarını aparan və onalara xidmət edən, ödəmələrin aparılacağı barədə onların həvalələrini qəbul edən və bunları hesablaşmalar bölməsinə ötürən bölmədir. Müştərisiz bank-bank deyildir. Bankın müştəriləri nə qədər çoxdursa, onların hesablarında bir o qədər çox pul var və bank onların pullarını gəlirili bazar alətlərinə (kreditlər, qiymətli kağızlar) yerləşdirməklə və müştərilərin əməliyyatlarına xidmət edərək komisyonlar almaqla bir o qədər çox qazanc əldə edə biləcək. Əməliyyat bölməsi müştərilərə keyfiyyətli, nəzakətlə və müasir texnologiyalardan istifadə etməklə xidmət göstərirsə, belə bank müştəriləri qane edir və müştərilər çoxalır. Əgər əməliyyat bölməsi müştərilərə xidmət edərkən səhvlərə yol verirsə, işçilər kobuddursa bank öz müştərilərini itirə bilər. Buna görə də bank üçün onun əməliyyat bölməsinin necə işləməsi çox mühümdür.
Hesablaşmalar bölməsi bank strukturunun vacib tərkib hissəsidir. Hesablaşma bölməsi olmadan bank kredit verə, qiymətli kağızlar ala, xarici valyuta alıb-sata, müştərinin tapşırıqlarını yerinə yetirə və digər əməliyyatlar həyata keçirə bilməz.
Plastik kartlar bölməsi müasir bankın ayrılmaz tərkib hissəsidir. Plastik kartlar bank üçün əlavə müştərilər və əlavə gəlir deməkdir.
Hüquq bölməsi. İlk öncə hüquq Bölməsinin işi müştərilərə hesab açılmasından başlayır. Müştəriyə hesab açmazdan öncə müştərinin (müəssisənin) qeydiyyatının qanunauyğunluğu yoxlanılmalıdır, bu prosedurlar hüquqi bölmədə həyata keçirilir. Müştərinin bankla əməkdaşlığı hesabın açılmasından başladığı üçün hüquqşünasların işindən həm də, bankın müştərilərinin sayı asılıdır. Hüquqi bölmənin mühüm işlərindən biri də hər bir bankın fəaliyyətində meydana çıxan arbitraj proseslərin aparılmasıdır. Hüquqşünasın bankı məhkəmədə necə təmsil etməsindən iddia prosesinin nəticələri asılıdır.
Hesabatlıq bölməsi. Hesabatlıq- bankın simasıdır. Özünə hörmət edən müştəri hesabatlığını öyrənmədən bankın müştərisi olmaz. Hesabatlıqda bankın bütün fəaliyyət sahələri:onun əməliyyatlarının gəlirliliyi, müştərilərin sayı, kredit və qiymətli kağızlar portfelinin həcmi, likvidliyi (müştərilərə pul ödəmə qabiliyyəti) əks olunur. Bundan əlavə hesabatlığı təkcə müştərilər deyil, həm də Mərkəzi Bank öyrənir. Hesabatın pis olması və ya ümumiyyətlə olmaması halında Mərkəzi Bank bu banka müəyyən əməliyyatlar aparmağı (məs. kreditlər vermək, yatırım cəlb etmək və s.) qadağan edə , yaxud ümumiyyətlə lisenziyanı geri ala və bankı bağlaya bilər.
Təhlil Bölməsi. Təhlilsiz düzgün qərar mümkün deyildir. Düzgün qərarlar- yüksək gəlir, düzgün olmayan qərarlar isə- zərər deməkdir.
İnformasiya texnologiyaları və avtomatlaşdırma bölməsi. Biz 21-ci əsrdə – müasir texnologiyalar əsrində yaşayırıq. Bankın fəaliyyəti kompüterləşdirmə və əlaqə kanallarının istifadəsi ilə sıx əlaqədardır. İnternet,teleks və s. kimi əlaqə kanalları olmadan hesablamalar və digər bank əməliyyatları aparmaq mümkün deyildir. İnformasiya texnologiyalarının keyfiyyətindən və təhlükəsizliyindən bankın iş keyfiyyəti, nəticə etibarilə onun müştəri sayı asılıdır.
Marketinq Bölməsi. Sizin necə yaxşı bankınız olduğundan, Sizin necə xidmət göstərdiyinizdən, Sizin necə gözəl texnologiyalara malik olduğunuzdan müştərilər necə xəbər tutur? Əlbəttə ki, reklamın köməyilə. Marketinq Bölməsinin vəzifəsi- elə bir reklam təmin etməkdir ki, bir çox müştərilərdə banka gəlmək istəyi yaransın.
Həqiqətdə bankda bizim təsvir etdiyimizdən daha çox bölmə var. Bank nə qədər böyükdürsə, oun strukturu da bir o qədər genişdir. Ümid edirik ki, bu məqalə Sizə son seçim etməyə kömək edəcəkdir, ya bankir olmaq istəyinizi möhkəmləndirərək fəaliyyət sahənizi seçməyə, ya da bu peşədən imtina etməyinizə səbəb olacaq. Yadda saxlayın ki, bütün peşələrin bir düsturu var: əmək və zəhmət olmadan uğur olmur.
Nəhayət, bu peşənin nə qədər təhlükəli olduğunu bilmək lazımdır! Bankirlərə çox zaman sui-qəsd edirlər (qatil sifariş edir, qarət edir, öldürür, daha nələr etmirlər!). Buna görə də çox ehtiyatlı olmaq lazımdır!