Son dövrlər Azərbaycan və digər yaxın ölkələrdə əhali arasında belə bir fikir yaranıb ki, “Banklar əhaliyə düşmən kəsilib”. Təklif edirəm, bir az keçmişə baxaq – görək əvvəl kredit götürmək necə idi və o zamanlar Banklar bizim dostumuz idi?
Banklar kredit verəndə yaxşı, verməyəndə pis qardaşdır
Düzü yuxarıda qeyd olunan fikir Azərbaycanda müəyyən təkamül dövrü keçmişdir. Yadımdadır, təxminən 6-7 il əvvəl kreditin dini baxımdan daha çox pislənirdi. Çox adam kreditin haram olması haqqında danışır, banklarda işləməkdən imtina edirdilər. Bazarda bir o qədər də yüklənmə yox idi. Çox insanın bankdan kredit götürməsi həqiqətəndə müşkül məsələ idi – bankların çoxu mikro kredit verməkdə maraqsız idi, əlavə olaraq da girovsuz kreditlər verməyə çox kredit mütəxəssisi ürək etmirdi. Qeyd olunanların üzərinə bəzi banklarda “şapka”nı da gəlsək, kreditin nə qədər çətinliklə götürülməsi prosesi gözümüzün önündə aydın canlanar.
Zaman keçdi, banklar mikrokredit bazarının potensialını anlayıb yavaş-yavaş şərtləri rahatlaşdırmağa başladılar. Artıq insanlar şapkasız, girovsuz kredit götürmə imkanına malik oldular.
Azərbaycan kimi cəmiyyətdə insanların çoxunun istəyi və amalı müəyyən trendlər üzərində qurulub. Bura ilk növbədə evə sahib olmaq durur. Nəzərə alsaq ki, rayon əhalisinin paytaxta axını çox sürətli baş verir və Bakıda yaşamaq qərarını verənlərin çoxu universiteti qurtarmış tələbələrdir, o zaman təsəvvür etmək çətin deyil ki, onların çoxunun Bakıda qalmaq üçün evi yoxdur. Əlavə olaraq, hazırda ailə quran gənclərin çoxu ailədən kənar qalmağa üstünlük verirlər və bu da öz növbəsində evə olan tələbatı bir az da artırır.
İndi fərz edin, orta Azərbaycanlı əməkhaqqısı ilə ev almaq üçün siz neçə il pul yığmalısınız? Normalda bu təxminən 15 ilə yaxındır. O zaman 15 il ərzində kirayə pulunu yığacağınız puldan çıxın. Bayaq qeyd etdiyimiz 15 il indi artıq 20-25 ilə yaxınlaşır. Hökümətin dəstəyi ilə, bankların ipoteka krediti təklif etməsi bir çoxlarını bu çətinlikdən can qurtarmağa yardımçı oldu. Fərz edin, kirayə üçün ödədiyiniz məbləği siz öz aylıq kredit ödənişinə sərf etmiş olursunuz və artıq bir neçə ildən sonra evin tam hüquqlu sahibinə çevrilirsiniz. Bəli, krediti götürmək üçün ilkin ödəniş baryerini də unutmaq olmaz, amma bu məsələnin öhtəsindən çox adam gələ bilir. İndi mənə deyin görək, ipoteka kreditinin bizlərə faydası varmı? Fikrimcə cavab aydındır.
Azərbaycanlıların digər arzularından biri avtomobilə sahib olmaqdır. Avtomobil həmişə Azərbaycanda ailənin, insanın statusunun göstəricilərindən biri olub . Bankların təklif etdiyi avtomobil kreditləri çox insanların maşın arzusunu reallaşdırmağa yardımçı olub. Düzdür, hazırda bu kreditlərin verilməsi məhdudlaşdırılıb, amma artıq bu kreditlərdən faydalananların sayı az deyildir.
Hazırda əhalinin çox hissəsi faizlərin yüksək olmasından şikayətlənir. Bu müəyyən mənada belədir, faizlər Azərbaycanda həqiqətən də yüksəkdir. Amma günah tam olaraq banklarda deyil. Günahın bir qismi elə biz vətəndaşlarda ( yüksək depozit faizi tələb edənlərdə) , digər qismi isə banklara yüksək faizlə pul verən investorlardadır. Tövsiyyə edirik, məsələ ilə bağlı bu məqaləni oxuyasınız. https://banker.az/niy%C9%99-gor%C9%99-az%C9%99rbaycanda-kredit-bel%C9%99-bahadir/ Burada kredit faizinin hansı kompanentlərdən formalaşması daha aydın göstərilmişdir.
Faizlər əvvəl də yüksək idi, amma əhali tərəfindən buna bu qədər ciddi reaksiya yox idi. Bəs o zaman nə baş verir? Bu məsələnin təməlini əhalinin yüklənməsi tutur. İnsanlar kreditlə o qədər yüklənib ki, artıq aylıq ödəniş etməkdə çətinlik çəkirlər.
Bankların belə qorxunc imic yaratmasında vacib rol oynayan faktor, problemə düşən şəxslərdən kredit borcunun onlardan alınması prosesdir. Əslində, heç kim istəməz ki, onun işi nə məhkəməyə nə də polisə düşsün. Amma belə hallarda az deyil.
Digər vacib nüanslardan biri, adamların kredit tarixcələrinin korlanması dayanır. İndinin özündə belə çox adam kredit tarixcəsinin əhəmiyyətini tam anlamır. Bir neçə kredit götürüb, onları kifayət qədər ciddi dövrə gecikdirmə edən yoldaşlar, növbəti dəfə kredit götürmək istədikdə bankların onlara imtina verməsində gileylənirlər. Amma prosesin nə dərəcədə ədalətli olması göz qabağındadır – gecikmə etmə, rahat kreditini al prinsipi burada aktualdır.