15 C
Baku
Saturday, April 20, 2024

Banklar arasında baza əmək haqqında kəskin fərq varmı?

“Kapital Bank” ASC-nin İnsan Resurslarının İdarə edilməsi departamentinin direktoru və Azərbaycan Banklar Assosiasiyasının Tədris strategiyaları və İnsan Resursları üzrə Ekspert Qrupunun üzvü  Fərqanə Məmmədova ilə olan müsahibəni təqdim edirik.

Bildiyiniz kimi Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin təşəbbüsü ilə bank sektorunda əməkhaqqı sorğusu keçirildi. Sorğunun keçirilməsində əsas məqsəd nə idi?

İlk növbədə onu qeyd etmək istəyirəm ki, əmək haqqı sorğusunun keçirilməsi olduqca aktual və lazımlı bir təşəbbüs idi. Məhz Azərbaycan Banklar Assosiasiyasının bu təkliflə çıxış etməsi çox təqdirəlayiqdir.

Sorğu keçirilməsi hər bir şirkətə iki istiqamətdə fayda verir:

Şirkət daxilində ədalətliliyin qorunması və şirkət xaricində rəqabətə dayanıqlılığın təmin edilməsi.

Şirkət daxilində ədalətli əmək haqqı siyasətinin olması işçilərin motivasiyasının və onların şirkətə bağlılığının artırılmasına, əməkdaşların daha effektiv çalışmalarına gətirib çıxarır.

Əmək haqqı sorğusunun kənar təsiri isə bazarda digər şirkətlərin, xüsusi ilə də eyni fəaliyyət növü ilə məşğul olan şirkətlərin təklif etdiyi əmək haqları haqda məlumat əldə etməklə, işəgötürən ilk növbədə daxili kadr axının qarşısını almağa nail olur. Eyni zamanda, bununla işəgötürən bir tərəfdən potensiallı kadrları cəlb edir, əmək bazarında daha cəlbedici olur, digər tərəfdən isə, öz əmək haqqı təkliflərinə yenidən baxmaqla, qənaət edə bilir.

Sorğu kimin tərəfindən aparıldı və sorğuda neçə bank iştirak etdi?

Sorğu dünyaca tanınmış  “Korn Ferry Hay Group”şirkəti tərəfindən aparr. Şirkət uzun illərdir ki, strategiya, talant managemet, liderlik, qiymətləndirmə, qreyd sistemi, əməkhaqqı və bonus sistemlərinin yaradılması sahələrində yüzlərcə şirkətlərdə layihələr həyata keçirib və hal-hazırda da məsləhətçi-şirkət olaraq bu kimi layihələrin keçirilməsini davam etdirir.

Sorğuda 23 bank iştirak etdi. Bankların bu layihənin keçirilməsinə olan marağını xüsusilə vurğulamaq istəyirəm. Xüsusilə də bazarda lider banklar bu layihənin faydalı olduğuna inandılar və ona qoşulmaq istədiklərini dərhal təsdiqlədilər.

 

Bank sektorunda əmək haqqı məbləğləri bir-birindən nə dərəcədə fərqlənir? Bu fərqlərin ən çox və ən az olduğu sahələr hansılardır?

Sorğunun nəticələri onu göstərdi ki, banklar arasında baza əmək haqqında kəskin fərq yoxdur. Xüsusilə də, bank filiallarında çalışan əməkdaşların baza əmək haqqı demək olar ki, eyni səviyyədədir. Əməkhaqqı fərqi daha çox menecment vəzifələrində özünü büruzə verir, bu da həm bankın bazarda olan durumu, həm də əmək bazarında həmin vəzifəyə olan tələbatdan irəli gəlir.

Fərq daha çox bankların bu günə təyin etdiyi bonus məbləğlərindədir, bu da ondan irəli gəlir ki, son bir-neçə illər ərzində bank sektorunda baş verən böhran nəticəsində banklar müəyyən xərcləri azaltmaq məcburiyyətində qaldılar və böhrandan öncə təsdiq etdikləri bonus siyasətinə yenidən baxmalı oldular. Bir çox bankar bonusların ödənilməsini bir müddət dayandırdılar.

— Sorğunun nəticələri əmək haqlarına və ümumilikdə əmək bazarına necə təsir edəcək?

Düşünmürəm ki, banklar sorğunun nəticəsinə əsaslanaraq daxili əmək haqqı siyasətlərini birdən-birə dəyişəcəklər, lakin ən azından əmək haqqının təyin edilməsində müəyyən strukturlaşma, sistemləşmənin tətbiqinə çalışacaqlar. Bu məlumat inkişafda olan banklar üçün xüsusilə faydalı olacaq, çünki onlar bazarda potensiallı kadrların cəlb edilməsinə davam edirlər və sorğunun təqdim etdiyi nəticələr əsasında banklar bu kadrların bazarda olan qiymətini asanlıqla müəyyən edə biləcəklər.

Siz həmçinin Azərbaycan Banklar Assosiasiyasının “Tədris Strategiyaları və İR” üzrə Ekspert Qrupunun üzvüsünüz. Qrupun bir üzvü olaraq sözügedən Ekspert Qrupunun gələcəkdə banklardakı kadr məsələri ilə bağlı hansı addımları atmağını, hansı yenilikləri tətbiq etməyini tövsiyə edərdiniz?

Fikrimcə, Ekspert Qrupu mütəmadi olaraq “Korn Ferry Hay Group” kimi şirkətlərin təcrübəsindən faydalanaraq İnsan Resursları sahəsində mövcud olan yeniliklərin yerli bank sistemində tətbiqinə, Qiymətləndirmə Mərkəzlərinin yaradılmasına, banklar arasında təcrübə mübadiləsi proqramlarının aparılmasına dəstək göstərə bilər. Hazırda demək olar ki, bütün banklarda təcrübə proqramları mövcuddur, bu proqramların ən yaxşı təcrübəyə əsaslanaraq unifikasiya edilməsi birbaşa olaraq ABA tərəfindən aparıla bilər.

Son xəbərlər
Digər xəbərlər