İqtisadçı ekspert və Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev banklar və əmlak bazarı arasında olan əlaqələrin hansı istiqamətdə inkişaf etməsi ilə bağlı fikirlərini bölüşmüşdür. Onun fikrincə ” Son bir il yarımda müəyyən dövrlərdə banklardakı əmanətlərin həcmi ilə daşınmaz əmlak bazarındakı aktivlik arasında birbaşa əlaqə olub. Bu tendensiya özünü ən qabarıq formada bu ilin fevral ayında göstərdi. Əmanətlərdə olan vəsaitlərin bir hissəsinin əmlak bazarına yönəlməsi heç bir iqtisadi əsas olmadan bazarda müəyyən aktivləşmə yaratmışdır.
2016-cı ilin yanvar ayında fiziki şəxslərin banklardakı əmanətləri 830,6 milyon manat, fevral ayında 566 milyon manat, mart ayında isə 188,4 milyon manat azalmışdır. Sözsüz ki, bu vəsaitlərin bir hissəsi əmlak bazarına axmışdır, ancaq təqribi rəqəm söyləmək çətindir. Çox gümanki ilin ilk 3 ayındakı milyard yarımlıq pul axınının orta hesabla 20%-i əmlak bazarına gedib, bu isə kifayət qədər ciddi rəqəmdir. Əmlak bazarına axan pulun həcminin daha çox olmasını istisna etmirik.
Çünki, əllərdədə kifayət qədər pullarda olmuşdur. Gələn aylarda əmanətlərin azalması tempi düşəcək və ya tamamilə dayanacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, bank sektorunda vəziyyətin müsbətə doğru dəyişməsi bank depozitlərinin cəlbediciliyini dahada artıracaq. Manatın sabitliyi isə manat depozitlərindən əlavə digər manat aktivlərinində cəlbediciliyini artırır. Bu isə deməkdir ki, yaxın aylarda əmlak bazarı özünün vacib pul mənbəsindən məhrum olacaq və onu əvəz edə biləcək hər hansısa mənbə hələki gözə dəymir.”