Ölkədə xarici valyutaların manata nəzərən məzənnələrinin güclənməsi kreditləşmə qaydalarına təsir edib. Artıq bankların əksəriyyəti manatla kreditləşməni dayandırıblar.
Publika.az-ın apardığı monitorinqin əsasında bəlli olub ki, kreditləşmədə böyük paya malik banklar xüsusilə manatla borc verilməsini dayandırıblar.
Biz də “Krediti hansı valyuta ilə ala bilərik “sualı ilə banklara müraciət etdik.
“Accesbank”-dan Publika.az-a bildirildi ki, iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və zamin tələb olunmaqla 28 faizlə istehlak krediti verilir. Kreditləşmə ancaq dollarla aparılır. Bank manatla kredit vermir.
“AGBank” da kredit faizini açıqladı. Bank sorğumuza cavab olaraq krediti 22 faizlə verdiyini bildirdi. Məlum oldu ki, kredit xəttinin müddəti 3 aydan 36 aya qədərdir. Minimum məbləğ 300, maksimum məbləğ isə 10 000 dollardır. Kreditin valyutası yalnız dollardır.
“AtaBank” da kreditləşməni dollarla aparır. Kreditin maksimum məbləği 7500 dollardır.
“Atrabank”dan da fərqli cavab almadıq. Bank müştərilərə 29 faizlə kredit təklif edir. İstehlak kreditinin minimum məbləği 300 maksimum məbləği 5000 dollardır. Bank manatla kredit vermir.
“Azər-Türk-Bank” isə nəinki kredit şərtlərinə, borcalanların kateqoriyasına da əl gəzdirib. Belə ki, bank hazırda yalnız bank işçiləri üçün istehlak krediti verir. Kredit 2 illik 18 faizlə dollarla təqdim edilir. Yeri gəlmişkən, bankın kreditləri gələn ayın 2-dən bütün kateqoriyalar üzrə müştərilərə açıq olacaq.
İllərdir kredit sektorunda “qaz vurub qazan dolduran” “Bank of Baku” da şərtlərini ağırlaşdırıb. Məsələn, bankın təhsil işçiləri üçün kredit xəttinə görə, 6 – 36 ay müddətinə illik 32%, FİFD(faktiki illik faiz dərəcəsi) min. 39,12% – max. 50,72% olmaqla dollarla kredit verir. Borc götürmək istəyən vətəndaşın başqa bankda borcunun olmaması isə əsas tələbdir. Məbləğə gəlincə, o məvacibdən, ödəmə qabiliyyətinin səviyyəsindən asılı olaraq ayrılır.
“Bank Technique”nın kredit şöbəsindən bildirildi ki, bank həm dollar, həm də manatla kredit verir. Maksimum məbləğ 10 000 manata qədərdir. Sadəcə, bank faizləri qaldırılıb. Əvvəllər 18-24 faizlə kredit verilirdisə, hazırda faizlər 24-26 faiz təşkil edir.
“Nikoil Bank” bankda istehlak kreditləri 26-30 faizlə verilir. Bank hər iki valyutada – manat və dollalar kreditləşmə həyata keçirir.
“ Kapital Bank” istehlak kreditini 2 il müddətinə ayırır. Sadəcə, bank pensiya və təqaüd kartı olanlara kredit verir. Əgər sizin aylıq pensiya məbləğiniz 200 manatdırsa, bank buna müvafiq olaraq 2600 manat kredit verir. Kredit faizi 26 faiz təşkil edir. Kreditin valyutası manatdır.
“Azərbaycan Beynəlxalq Bankı”da kreditləşməni manatla aparır. Bank 22 faizlə 15 min manata qədər kredit verir.
Bankların dollarla kreditləşmə aparması nə dərəcədə qanunidir? Suala cavab verən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, banklar hələ devalvasiyadan əvvəl kreditləri dollarla verirdilər: “Bunun əsas səbəbi devalvasiya gözləntisi idi. Banklar özlərini sığortalamaq üçün dollarla kredit verirdilər”.
Faizlərin artırılmasının gözlənilən olduğunu deyən iqtisadçı bildirir ki, cari ildə azalmaya zəmin yox idi: “Dollarla kreditlərin ödənməsi zamanı məzənnə fərqinə görə də banklar məcburən faizləri artırıblar. Həm əmanət, həm də kredit bazarında faizlərin artımı davam edəcək. O ki qaldı bunların nə dərəcədə qanuna müvafiq olmasına, qanunvericilik banklara istədiyi valyutada kredit vermə hüququ tanıyır”.