Azərbaycan bankları 2023-cü ilin 11 ayı ərzində əsas fəaliyət istiqaməti olan müştərilərə verdiyi kreditlərdən 2 milyard 336.6 milyon manat faiz gəliri əldə ediblər.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik büllüteninə istinadən xəbər verir.
Bu da illik müqayisədə kreditlər üzrə faiz gəlirinin 343.3 mln. manat və ya 17% çox olması deməkdir.
Ölkə bankları kreditləşməni bu il də artırmış oldular. Belə ki, son bir ildə bankların müştərilərə verdiyi kredit portfelini 3 mlrd. 207 mln. manat artırmaqla (16%) 1 dekabr 2023-cü il tarixinə 22 mlrd. 881.2 mln. manata çatdırıblar.
Bununla belə, banklar depozitlər üzrə xərclərinin artım dinamikası daha yüksək olub. Hesabat dövründə banklar müştərilərilərdən cəlb etdiyi depozitlərə görə 536.5 mln. manat faiz ödənişi ediblər. Bu da illik müqayisədə 124 mln. manat və ya 30% çoxdur. 1 dekabr tarixinə bankların müştərilərdən cəlb etdiyi depozitlərin ümumi həcmi 364.9 mln. manat (1%) artaraq 33 mlrd. 225.7 mln. manata yüksəlib.
Xatırladaq ki banklar 2023-cü ilin 11 ayında 1 mlrd. 369.5 mln. əməliyyat mənfəəti (illik: +23%) və 997.4 mln. manat (16%) xalis mənfəət əldə ediblər.