Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev rəhbərliyin etdiyi qurumun Əsasnaməsinin, eləcə də vəsaitindən istifadə qaydasının dəyişdirilməsi ilə bağlı Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanları şərh edib.
Banker.az-ın məlumata görə, sədr bildirib ki, bu fərmanlarla AKİA-ya verilmiş yeni səlahiyyətlər kənd təsərrüfatı sahəsində mikrokreditlərin stimullaşdırılmasına yönəlib.
“Fərmanlar aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır. Dəyişikliklər bizə aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15 000 manata qədər, müddətini isə 3 iıə qədər artırmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5 000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir”, – deyə o, qeyd edib.
M.Əliyevin sözlərinə görə, bankların mikrokreditlərə marağını artıracaq bir neçə səbəb var: “Mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərci qədərdir. Həmçinin bu kreditlərin riskləri də çoxdur. Ona görə də, hal-hazırda bazarda mikrokreditlərin orta faiz dərəcəsi 25%-dir. Bunları nəzərə alaraq, banklara maliyyələşmə dəyərini – xərclərini aşağı salmaq imkanı verən faiz dərəcəsi təklif edilir. AKİA-nın illik 2,5%-lə verdiyi mikrokreditləri banklar maksimum 12%-lə təqdim edə biləcəklər. Bundan əlavə, bank riski qismən dövlət tərəfindən qarşılanacaq. Biz əminik ki, bu dəyişikliklər – həm kreditlərin məbləği və müddəti, həm də bank risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq”.