Nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətindədirlər. Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib.
Amma nə qədər maraqlı və qəribə olsa da mövcud qaydalara əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri sığortalanmır. Yəni, bir tərəfdən mövcud limitlər sahibkarları məcbur edir ki, pullarını bankda saxlasın, digər tərəfdən həmin bank müflis olarsa onun pulu özünə qaytarılmır. Yalnız 1 il ərzindən 10-dan artıq bankın bağlandığını və eləcə də bir sıra banklarda müflisləşmə riskinin qaldığını nəzərə aldıqda vəsaitlərinin nağdlaşdırılmasın imkan verilməyən sahibkarların pullarının qorunmamasının onlar üçün yaratdığı əlavə riskləri təsəvvür etmək çətin deyil. Bu baxımdan, əgər sahibkar pulunu bankda saxlamağa sövq edilirsə, o zaman onun vəsaitinin qorunması həyata keçirilməldir. Əks halda, belə görsənir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir. Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır.
Bu baxmdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var. Nağdsız islahatlar yalnız inzibati deyil, həmçinin sahibkarlara zəmanətlərin verilməsi formasında həyata keçirilməlidir.
Vüqar Bayramov,
İqtisadçı-ekspert