Azərbaycanda xarici vətəndaşlarla paralel yerli vətəndaşlar banklardakı əmanətlərini mart ayında geri çəkib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Banklarda fiziki şəxslərin depozitlərinin həcmi son bir ayda 232.5 milyon manat, yaxud 2.8% azalmaqla 8 milyard 147.5 milyon manata qədər düşüb.
Bu kreditlərin 4 mlrd. 45.8 mln. manatı milli (-3.2%) və 4 mlrd. 101.7 mln. manatı (-2.3%) isə xarici valyutada olan depozitlər olmuşdur.
Hazırda banklarda olan əmanətlərin cəmi depozitlərdə payı üzrə bölgüdə 49.7%-i milli valyuta və 50.3%-i isə xarici valyutada olanlardır.
Rezidentlər (yerli vətəndaşlar). Yerli vətəndaşların banklardakı depozitlərinin həcmi son bir ayda 230 mln. manat, yəni 2.8% azalmaqla 1 aprel tarixinə 7 mlrd. 868 mln. manat olmuşdur. Bu depozitlərin də 3 mlrd. 930.9 mln. manatı milli valyuta və 3 mlrd. 937.2 mln. manatı xarici valyutada olmuşdur. Milli valyutada olan rezidentlərin depozitləri son bir ayda 3.3%, xarici valyutada olanlar isə 2.4% neqativ dinamika yaşayıb.
Qeyri-rezidentlər (xarici vətəndaşlar). Xarici vətəndaşların Azərbaycan banklarındakı depozitlərinin həcmi son üç aydır azalmaqdadır. 2021-ci ilin yanvarında xaricilərin depozitlərinin həcmi 286 mln. manat olduğu halda, fevralda 281.9 mln. manata və martda isə 0.9% azlma ilə 279.4 mln. manata qədər enmişdir. Qeyri-rezidentlərin depozitlərinin 115 mln. manatı milli (aylıq müqayisə: -0.9%) və 164.5 mln. manatı isə xarici valyutada (-2.1%) olanlardan ibarət olmuşdur.