Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi.
Banker.az xəbər verir ki, 2027-ci il üzrə inflyasiya isə fevraldakı 4% proqnozu mayda 4.5% ilə dəyişdirilib.
İnflyasiya proqnozunun artırılması xarici mənşəli təzyiqlərin aktivləşməsi ilə izah olunur.
AMB deyir ki, ölkədə illik inflyasiya hədəf intervalı (4±2%) daxilində qalmağa davam edir.
2026-cı ilin mart ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% səviyyəsində qeydə alınıb.
Mərkəzi Bankın məlumatına əsasən, müşahidə olunan inflyasiya əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır. Qlobal ərzaq qiymətlərində artım, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və logistika xərclərinin yüksəlməsi bu amillər sırasında qeyd olunur.
Mərkəzi Bank bildirir ki, inflyasiya proseslərinə əsas təsir edən amillər sırasında qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, təchizat zəncirlərində pozuntular və idxal qiymətlərinin dinamikası yer alır. Eyni zamanda, inflyasiya gözləntilərinin artması daxili risk faktoru kimi qiymətləndirilir.
Qurum qeyd edir ki, inflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə müvafiq siyasət tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı uçot dərəcəsini 6.5%, faiz dəhlizinin aşağı həddini 5.5%, yuxarı həddini isə 7.5% səviyyəsində dəyişməz saxlayıb.







