8 C
Baku
Saturday, January 11, 2025

Banklarımız son 9 ayda

Mərkəzi Bank sentyabr ayı üzrə statistik məlumatları açıqlayıb.

Ekspert Samir Əliyev bildirir ki, yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib.

Problemli kreditlərin payı və həcmi artmaqda davam edib.

Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə – 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8% artıb.

Problemli kreditlərin 79%-i manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56%-ə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5% təşkil edib.

Kredit qoyuluşunun artım tempi azalıb.

Bu ilin 9 ayında kredit qoyuluşu 14% artıb. Halbuki artım 2013-cü ilin 9 ayında 20,8%, 2012-ci ilin müvafiq dövründə isə 15,5% olub.

İstehlak kreditləşməsi artmaqda davam edib.

İstehlak kreditlərinin payı ən yüksək həddə – 41.1%-ə yüksəlib. Belə kreditlər 9 ayda 16,7% artıb.

Bankların aktivləri azalıb.

Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib.

Əmanət qoyuluşu azalıb.

9 ayda artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb.

Mənfəətlə işləyən bankların sayı artıb.

Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb. Bankların xarici öhdəlikləri getdikcə artır. Hazırda 4,6 milyard manata çatıb.

REPO əməliyyatları cəlbediciliyini itirib.

Mərkəzi Bankın 1 günlük REPO əməliyyatlarının faiz dərəcəsinin 1%-dən 0,1%-ə azaldılması kommersiya banklarının bu alətə marağını azaldıb. Son 5 ayda REPO üzrə hansısa əməliyyat aparılmayıb. Halbuki faiz dərəcəsi 1% olanda əməliyyatın həcmi 1-1,5 milyard manat təşkil edirdi.

Bankların aktivləri və kapitalları üzrə gəlirliliyi azalıb.

Aktivlər üzrə gəlirlilik (ROA) 2,04%-dən 1,92%-ə, kapital üzrə gəlirlilik (ROE) 14,15%-dən 13,29%-ə düşüb.

NƏTİCƏ: 2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən və Əmnaətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı. Problemli kreditlərin payı isə getdikcə artmağa başladı. Əmnaətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyi azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə Bank of Azerbaijan ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi.

Əksinə bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75% idisə, hazırda 5,32%-ə qalxıb.

İlin bitməsinə 2 ay qalıb. 10-a qədər bank bazarda qalmaq üçün çırpışırlar. Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər