Azərbaycan bank sektorunun aktivləri bu il iyulun 1-nə 30 036,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 4,5% azdır.
Bu barədə mənbə, Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Bankların aktivlərinin 44,8%-ni və yaxud 13 462,1 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin I yarısında bankların kredit portfeli 15,5% kiçilib.
6 ay ərzində bankların cəmi öhdəlikləri 7,5% azalaraq 27 322,9 mln. manat, o cümlədən depozit portfeli 1,7% artaraq 16 687,2 mln. manat olub. Bunun 6 880,7 mln. manatını fiziki şəxslərin depozitləri, 9 806,5 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,4% azalıb, şirkətlərin vəsaitləri isə 9,2% artıb.
Yanvar-iyun aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 61,8% azalaraq 647,47 mln. manata düşüb.
Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 42,2% artaraq 2,714 mlrd. manata çatıb.
Yarım il ərzində bankların faiz gəlirləri 1 007,3 mln. manat, faiz xərcləri 482,7 mln. manat, qeyri-faiz gəlirləri 460,3 mln. manat, qeyri-faiz xərcləri 476 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 508,8 mln. manat olub.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 408,9 mln. manat yönəldib, digər mənbələrdən 2,4 mln. manat gəlir əldə edib, 17,5 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 6 ayını 84,9 mln. manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, bankların yanvar-may ayları üzrə mənfəət göstəricisi 178,2 mln. manat olub. Başqa sözlə, iyunda bankların mənfəəti 93,3 mln. manat azalıb.
©Report