Cari il ərzində kredit verlişləri ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşən bank sektorunün maliyyə gəlirləri azalmağa doğru gedir. Belə bir vaxtda banklar üçün yaranan digər problem depozitlərlə bağlıdır. Artıq əhali banklara əvvəlki kimi əmanət yatırmır. Məhz bunu nəticəsidir ki, aprel ayında banklarda əhalinin əmanətləri azalıb. İnsanlar banklara nəinki pul qoyur, onlar banklardakı əmanətlərini əsasən geri götürməyə başlayıblar.
Belə ki, banklarda əhalinin əmanətləri yanvarda 55,6 milyon manat, fevralda 140,3 milyon manat, martda 64,6 milyon manat artıb. Lakin apreldə bu göstərici 86,4 milyon manat azalıb.
Mütəxəssislər əhalinin banklara daha az əmanət qoymağa başlamasına, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, bu ilin may ayının 19-dan isə 10%-dən 9%-ə endirməsinin səbəb olduğunu söyləyirlər.
Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin endirilməsi barədə sonuncuu qərarından sonra əhalinin banklardakı əmanətlərinin daha da azalacağı proqnozlaşdırılır. Belə vəziyyət bankların maliyyə gəlirlərinin daha da azalması deməkdir.
Bu şəraitdə fəaliyyətini dayandırmalı olacaq bankların sayının artması da qaçılmaz sayılır.
Ekspertlər qeyd edir ki, xüsusən də istehlak və avtomobil kreditlərinin məhdudlaşdırılması bankların fəaliyyətinə birbaşa təsir göstərir. Həmin kreditlərin xüsusi çəkisinin yüksək olduğu bankların fəaliyyətində bu təsirlər daha aydın şəkildə özünü biruzə verir. Çünki kredit portfelində istehlak kreditlərinin həcmi 60-70%-ə çatan banklara rast gəlmək mümkündür.