“Qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür və görüləcək”.
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilib, 90 günlük mal ehtiyatları yaradılıb: “Başlıca məqsədimiz əhalimizi əsas ərzaq məhsulları ilə təmin etməkdir”.
“Növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38.6% çoxdur (625.2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat).
Ümumiyyətlə dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur”, – Baş nazir vurğulayıb.