Eyni zamanda, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. İlin mühüm hadisələri olan “Azerspace-2” peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan “STAR” Neft Emalı Zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.
Baş nazir vurğuladı ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulmuşdur. Bu il yeni Sumqayıt-Rusiya sərhəd yolunun tikintisi gözlənilir. Həmçinin 100-dən çox məktəbin tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, 3 Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin, Bakı şəhərində “DOST” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Baş naziri aqrar sahəsinin inkişafına nəzər salaraq, ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb edilmiş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışdı.
Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər KabinetiAparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.