1 C
Baku
Saturday, December 14, 2024

Baş Nazir Ümumi təhsil müəssisələri ilə bağlı yeni qərar qəbul edib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.29-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edir.

Ümumi təhsil müəssisələrində peşəyönümü xidməti təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə onların maraqlarını, bacarıqlarını, qabiliyyətlərini və şəxsi keyfiyyətlərini gələcək peşə bacarıqlarının öyrənilməsinə, düzgün ixtisas seçiminin edilməsinə, əmək fəaliyyətinə dair tələb olunan biliklərin formalaşmasına, karyera planlaşdırılmasına və ömürboyu təhsil imkanlarının araşdırılmasına yönəldilmiş tədbirlərdir.

Peşəyönümü xidməti ümumi təhsil müəssisələrinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanlar üçün təşkil edilir.

Peşəyönümü xidmətinin məqsədləri

Peşəyönümü xidmətinin məqsədləri aşağıdakılar:

– təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması;

– təhsilalanlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətinin formalaşdırılması;

– maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, təhsilalanların müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi və onlara peşə məsləhətlərinin verilməsi;

– insan kapitalının inkişaf etdirilməsi üçün təhsil-əmək bazarı arasında əlaqənin təmin edilməsinə və təhsildən əmək bazarına keçidin təmin olunmasına dair məlumatlandırmanın həyata keçirilməsi;

– əmək fəaliyyətinin başlanılması üçün tələb olunan minimal bacarıqların formalaşdırılmasına köməkliyin göstərilməsi;

– təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılması;

– təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə öz iş yerlərini yaratmalarına həvəsləndirilməsi;

– karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılması.

Peşəyönümü xidmətinin təşkili

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili fərdi yanaşmanın tətbiqi ilə təhsilalanların inkişaf səviyyələri, yaş, fərdi psixoloji xüsusiyyətləri, meyil, maraq və qabiliyyətləri nəzərə alınmaqla, onlara pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü məzmun və metodlar əsasında aşağıdakı tədbirlər vasitəsilə həyata keçirilir:

– maarifləndirmə tədbirləri. Bu tədbirlərə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla, müxtəlif peşələr barədə məlumatların tədris prosesinə inteqrasiya edilməsinin, peşə əldə etmək üçün həvəsləndirmə tədbirlərinin görülməsinə və əmək bazarı haqqında təsəvvürlərin formalaşdırılmasına xidmət edən fəaliyyətlərin (layihə əsaslı təlim, müxtəlif fənlərin məzmununda ayrı-ayrı peşələri təsvir edən məzmun, müxtəlif müəssisələrə ekskursiyalar, məktəbdənkənar fəaliyyət və s.), şagirdlər arasında müsabiqələrin və sərgilərin, eləcə də ayrı-ayrı peşə sahələri üzrə mütəxəssislərin iştirakı ilə məruzələrin təşkili daxildir;

– peşə marağının və qabiliyyətlərin öyrənilməsi. Bu tədbirlərə pedaqoji işçilər və valideynlər cəlb olunmaqla, təhsilalanın fərdi və psixoloji xüsusiyyətlərinin öyrənilməsi, habelə hər hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının öyrənilməsi daxildir;

– diaqnostik tədbirlər. Bu tədbirlərə peşə seçimi üçün psixoloji motivasiyanın ölçülməsi, təhsilalanların bacarıq və maraqlarının müəyyən edilməsi məqsədilə sorğuların və testlərin keçirilməsi, müşahidələrin aparılması daxildir;

– məsləhət tədbirləri. Bu tədbirlərə təhsilalanların diaqnostika zamanı müəyyən edilmiş xüsusiyyətləri, o cümlədən meyil və maraqları nəzərə alınmaqla, ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün, şüurlu qərar qəbul edilməsində, peşə özünütəyinində köməyin göstərilməsi, karyeranın planlaşdırılması üzrə məsləhətlər, inkişaf yolunun seçilməsi və əmək bazarında perspektivlərin müəyyən edilməsinə dair dəstək tədbirləri daxildir;

– təlim tədbirləri. Bu tədbirlərə tədris planında nəzərdə tutulmuş fənlərin məzmununda və dərsdənkənar məşğələlərdə əmək bazarında ehtiyac duyulan praktik bacarıqların inkişaf etdirilməsinə, seçilmiş peşə üzrə səriştələrin təkmilləşdirilməsinə yönəlmiş təlimlər, tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflərin təşkilinə, ümumi təhsil müəssisələri ilə peşə təhsili müəssisələri arasında əməkdaşlıq layihələrinin icrasına yönəldilmiş tədbirlər daxildir.

Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan tədbirlər ümumi təhsil müəssisələrinin pedaqoji işçiləri, qeyri-hökumət təşkilatları, özəl müəssisələr tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla həyata keçirilir.

Maarifləndirmə tədbirləri ümumi təhsilin ayrı-ayrı səviyyələrində təhsil alan uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, mütəmadi olaraq təhsilalanların iştirakı ilə təşkil edilir. Tədbirlər Pedaqoji Şuralarda müzakirə edilir və illik fəaliyyət planında nəzərdə tutulur.

Peşə marağının və qabiliyyətlərin öyrənilməsi, diaqnostik tədbirlər psixoloq cəlb edilməklə ümumi təhsil müəssisələrinin rəhbərliyi tərəfindən mütəmadi olaraq ümumi orta və tam orta təhsil səviyyəsində təşkil edilir.

Məsləhət tədbirləri Nazirliyin tabeliyindəki ali, orta ixtisas və peşə təhsili müəssisələri və qanunvericiliklə müəyyən edilmiş qaydada bu sahədə məsləhət xidməti həyata keçirən təşkilatlar tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində təhsilalanlar üçün həyata keçirilir.

Təlim tədbirlərinin məzmunu təhsilalanların yaş və öyrənmə xüsusiyyətləri, müxtəlif ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazinin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla Nazirlik tərəfindən müəyyən edilir.

Maarifləndirmə və məsləhət tədbirlərinin təşkili zamanı ümumi təhsil müəssisələri tərəfindən valideynlərin də yaxından iştirakı təmin edilir.

İbtidai təhsil səviyyəsində peşəyönümü xidməti tədbirləri təhsilalanlarda əmək və peşələr haqqında ilkin təsəvvürlər, müxtəlif peşə sahələrinin əsas xüsusiyyətləri, o cümlədən ünsiyyət, əməkdaşlıq, yaradıcılıq, tənqidi təfəkkür və məsələ həlli kimi vacib səriştələrin formalaşması məqsədilə fənlərin və dərsdənkənar məşğələlərin məzmununda nəzərdə tutulur.

Bu səviyyədə təhsilalanlar üçün əsasən peşə marağının və qabiliyyətlərin öyrənilməsi, maarifləndirmə tədbirləri təşkil olunur.

Bu fəaliyyət “əmək nədir”, “valideynlərimin peşəsi” və s. bu kimi mövzularda təqdimatların və sərgilərin keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, yaxın ərazidə yerləşən müəssisələrə ekskursiya, peşələrə dair oyunların keçirilməsi və digər tədbirlərlə müşayiət olunur.

Ümumi orta təhsil səviyyəsində peşəyönümü xidməti tədbirləri təhsilalanlarda ibtidai təhsil səviyyəsində formalaşmış ilkin bacarıqların dərinləşməsi, onların müxtəlif peşə sahələri ilə yaxından tanış olması və bu sahələrin iqtisadiyyatda oynadığı rolu anlaması, müxtəlif peşə sahələri üzrə əsas işəgötürənlərlə tanışlıq, təhsilalanların peşə seçimi zamanı meyil və maraqları nəzərə alınmaqla müxtəlif peşələrə istiqamətləndirilməsi, psixoloji hazırlığının təmin edilməsi məqsədilə fənlərin və dərsdənkənar məşğələlərin məzmununda nəzərdə tutulur.

Bu fəaliyyət peşə maraqları və qabiliyyətinin qiymətləndirilməsi üçün diaqnostik testlərin və sorğuların keçirilməsi, peşə təhsili müəssisələrinə və yaxın ərazidə yerləşən müəssisələrə ekskursiya, peşə həftəsinin təşkili, peşələrə dair oyunların və yarışların keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, peşə seçiminə dair konfransların təşkili, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi, ixtisaslaşmış sərgilərin və digər tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunur.

Tam orta təhsil səviyyəsində peşəyönümü xidməti tədbirləri Nazirliyin qərarı ilə onların maddi-texniki tədris imkanları, ərazi (yerləşmə) prinsipləri (rayon (şəhər) mərkəzinə yaxınlığı, nəqliyyat qovşaqlarına münasibətdə yerləşməsi), təhsilalanların və pedaqoji heyətin sayı və digər infrastruktur göstəriciləri nəzərə alınmaqla müəyyən edilmiş ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ilə həyata keçirilir. Peşə təmayüllü siniflərin təşkili bu Qaydanın 4-cü hissəsi ilə tənzimlənir.

Peşəyönümü xidmətinin təşkili ilə bağlı metodik dəstək tədbirləri (məzmun, müxtəlif metodik vəsaitlər, ixtisasartırma təlimləri) Nazirlik tərəfindən həyata keçirilir.

Tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflərin təşkili

Peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris edilir.

Peşə təmayüllü siniflər üçün tədris planı və tədris resursları Nazirlik tərəfindən hazırlanır. Peşə sahələrinə aid modullar və ya ümumi peşə səriştələrinin tədrisinə ayrılan saatların miqdarı (o cümlədən, təcrübə məşğələləri nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə həftəlik dərs saatlarının maksimum miqdarının ən azı 1/3-ni təşkil etməlidir. Təmayül siniflərində istiqamətlər üzrə ixtisasları tədris edəcək təhsilverənlər üçün ixtisasartırma təlimləri təşkil olunur.

Praktiki ixtisaslar üzrə tədris edəcək təhsilverənlər peşə təhsili müəssisələrindən cəlb oluna bilərlər. Təlim proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunurlar.

Peşə təmayüllü siniflərə həmin ümumi təhsil müəssisəsinin və (və ya) inzibati ərazidəki (qəsəbə, rayon, şəhər) digər ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər qəbul edilirlər. Qəbul könüllülük prinsipi əsasında həyata keçirilir.

Peşə təmayüllü siniflərdə təhsil almaq istəyənlər həmin siniflərin təşkil olunduğu müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edirlər.

Peşə təmayüllü siniflər 15 nəfərdən az, 20 nəfərdən artıq şagird olmamaqla təşkil olunur. Qəbul zamanı eyni təmayüllü sinfə müraciət edənlərin sayı 20 nəfərədək olduqda, müraciət edənlər təmayüllü sinfə müsabiqəsiz qəbul edilirlər, 20 nəfərdən çox olduqda isə müəssisənin rəhbərliyi tərəfindən müsabiqə təşkil olunur.

Müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanları üzrə nəticələrinə əsasən həyata keçirilir və həmin nəticələrə əsasən göstəriciləri daha yaxşı olanlar qəbul edilirlər.

Təhsilalanların peşə fənləri üzrə bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydasına uyğun həyata keçirilir.

Peşə təmayüllü siniflərin məzunlarına müəyyən edilmiş nümunəli tam orta təhsil haqqında attestatla yanaşı peşə istiqamətinin adı göstərilməklə sertifikat verilir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər