Yunanıstan iqlim fəlakətlərindən qorunmaq üçün mülki infrastrukturun gücləndirilməsinə 2 milyard avrodan çox sərmayə qoyacaq.
Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində bildirib.
“Biz iqlim böhranının artıq bu gün bizimlə olduğu faktını aydın şəkildə dərk etməliyik. Bu o deməkdir ki, biz uzunmüddətli təsirlərin yumşaldılması və qısamüddətli adaptasiya arasında balans tapmalıyıq. Söhbət vətəndaşlarımızı iqlim fəlakətlərindən qorumaq üçün böyük məbləğdə vəsaitlərin yönləndirilməsindən gedir. Düşünürəm ki, biz iqlim böhranının aradan qaldırılması üçün innovativ texnoloji həllərin təqdim edilməsi üzrə dünya liderlərindən birinə çevrilirik”, – o bildirib.
Baş nazir vurğulayıb ki, Yunanıstanın bir nömrəli prioriteti erkən xəbərdarlıq və vətəndaşların qorunmasıdır.
Onun fikrincə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Ətraf Mühit Nazirliyinin vəzifələri istixana qazı emissiyalarının azaldılmasından daha genişdir.
“Avropada dairəvi iqtisadiyyat adlandırdığımız iqtisadiyyat ümumi ekoloji strategiyamızın əsas elementi olacaq”, – K.Mitsotakis əlavə edib.