10 C
Baku
Friday, December 13, 2024

Baş nazirdən peşə təhsili ilə bağlı – Qərar

Yüksək texniki peşə təhsili proqramlarının mənimsənilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hər bir təhsil proqramı üzrə müəyyən edilən minimum 120, maksimum 180 kredit tələb olunur. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Bu barədə Nazirlər Kabinetinin “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nda deyilir.

Bütün hallarda bir yarımildə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan modulların (fənlərin) və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydanın 3.2.6-cı yarımbəndinin tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların modullarını (fənlərini) seçmək hüququ verilir. Bu Qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi və müvafiq diplom verilir.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

auditoriya (nəzəri və praktik məşğələlər, istehsalat təlimi, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi); təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; ixtisas (sınaq) istehsalat işini və layihələrini hazırlaması və müdafiəsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də

yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.

Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə modul (fənn) üzrə müvəffəq qiymət almış tələbə həmin moduldan (fəndən) kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu moduldan (fəndən) kreditləri qazanmır və həmin modul (fənn) üzrə akademik borcu qalır.

Aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin modul (fənn) üzrə təkrar imtahan vermək və ya modulu (fənni) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda modulu (fənni) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin modul (fənn) tədris olunduğu yarımildə (akademik borcu yaranan yarımildə imtahan sessiyasından sonra növbəti yarımil başlayanadək və ya növbəti yarımildən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər yarımildə modulu (fənni) dinləmədən ümumilikdə iki modul (fənn) üzrə (hər moduldan (fəndən) bir dəfə olmaqla) imtahanda iştirak edə bilər.

Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti yarımilin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

Bütün digər hallarda akademik borcu olan tələbə modulu (fənni) yenidən dinləməli və həmin moduldan (fəndən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər peşə təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayrı modullar (fənlər) üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı peşə təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı peşə təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər