“Siz dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk dövrdən məhz iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısına qoymuşdunuz. Ölkənin potensialını dəfələrlə artırmaqla yanaşı, bu sahədə də genişmiqyaslı işlər görülmüşdür. Siz burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını xatırlatdınız.”
Banker.az xəbər verir ki, İlham Əliyevin qəbulunda yeni Baş nazirin müavini vəzifəsinə təyin olunan Şahin Mustafayev deyib.
“Bu proqram Sizin sosial-iqtisadi sahədə ilk proqramlarınızdan biri olmuşdur. Qeyd etməliyəm ki, proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşmüşdür və bu gün təqribən 5 faiz təşkil edir. İşsizlik də eyni qaydada. İşsizliyin səviyyəsi aşağı düşmüşdür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri, yollar – 15 min kilometrə yaxın yollar tikilmişdir. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrilmişdir. Nəqliyyat sahəsində görülən işlər – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu. Bu nəhəng layihələr ölkənin tranzit imkanlarını genişləndirmişdir. Mən bu ilin doqquz ayının yekunları üzrə göstəricilərin birini xatırlatmaq istəyirəm ki, qeyri-neft tranzit daşımaların həcmi 43 faiz artmışdır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır” – deyə, yeni Baş nazirin müavini bildirir.