Milli Məclisin plenar iclasında Azərbaycan Baş prokuroru və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib.
Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif olunub. Qanun layihəsinə görə, prokurorluq işçilərinin xidməti vəsiqəsində əks olunan məlumatların, təsvirlərə dəyişikliyin edilməsi zamanı vəsiqə nümunəsinin təsdiq edilməsi Baş Prokurorun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməlidir.
Hazırda Baş prokurorun, onun müavinlərinin, Naxçıvan MR prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Baş prokuror və ya müavini tərəfindən imzalanır. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Qeyd edək ki, Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş digər qanun layihəsinə əsasən prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında 2001-ci il tarixli qanunun ləğvi də təklif edilib.