Noyabrın 7-də, saat 11:00-da “Başak İnam Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Başak İnam Sığorta”nın bu ilin yanvar-sentyabr aylarındakı vəziyyətinin yekunları, Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi və digər məsələlər daxildir.
“Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə, 7,14%-i “Turanbank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0,34%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
“Başak İnam Sığorta” bu ilin əvvəlində bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına artıq razılıq verib.