“Bloomberg” agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden ölkədə 1993-cü ildən bəri ən böyük vergi artımını planlaşdırır.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Qeyd edilir ki, vergi artımı 1.9 trilyon dollarlıq uzunmüddətli iqtisadi proqramı maliyyələşdirmək üçün lazımdır.
Söhbət 2020-ci ildə keçiriləcək seçkilərdə Baydenin prezident proqramında qəbul edilən vergi artımından gedir. Mütəxəssislər Baydenin ABŞ-ın keçmiş prezidenti Donald Trampın şirkətlərə və varlı insanlara imtiyazlar verən 2017-ci il qanunu qismən ləğv edəcəyini gözləyirlər. Bu və digər düzəlişlərlə Bayden vergi məcəlləsini daha mütərəqqi etmək istəyir.
Müzakirə olunan tədbirlər arasında müəssisə vergisinin 21%-dən 28%-dək qaldırılması və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün vergi güzəştlərinin ləğv edilməsi var. Bundan əlavə, illik gəliri 400 min dollardan çox olan insanlar üçün gəlir vergisinin artırılması planlaşdırılır.
Qeyd edək ki, 2020-ci ilin noyabrında “Tax Policy Center” Baydenin seçki kampaniyası zamanı təklif etdiyi tədbirlərin on il ərzində ölkəyə 2.1 trilyon dollar gəlir gətirəcəyini təxmin etmişdir. Bayden rəhbərliyinin hazırkı planının daha təvazökar olduğu bildirilir. Belə ki, mütəxəssislərin fikrincə, iqtisadi proqramın ümumi həcmi 2 trilyondan 4 trilyonda qədər olacaq.
Bayden üçün vergi məcəlləsindəki dəyişikliklər – demokratların vergi sistemində gördüyü “qüsurları” düzəltmək yoludur. Xatırladaq ki, vergi artımlarını Senatda təsdiq etmək üçün demokratların ən azı 10 respublikaçı dəstəyinə ehtiyacı var. “Bloomberg” bildirib ki, qanun layihəsi Baydenin hər iki tərəfi razılığa gətirmə qabiliyyətini sınaqdan keçirəcək. Respublikaçıların lideri olan Mitch MkKonnell vergilərin artırılması ilə bağlı demokratlara “qızğın mübahisə” vəd edib.