ABŞ Prezidenti Cozef Bayden Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında təklif etdiyi sülh planını tənqid edib.
Bu barədə dövlət başçısı yerli “ABC” telekanalına müsahibəsində deyib.
Onun fikrincə, yalnız Moskvaya faydalıdır: “Putin bunu alqışlayır, o zaman bu necə yaxşı ola bilər? … Planda Rusiyadan başqa birinə yararlı ola biləcək heç bir şey”.
Prezidentə görə, planın ideyası öz-özlüyündə “irrasionaldır”.
Xatırladaq ki, Çin Rusiyanın Ukraynaya hərbi təcavüzünün ildönümündə hərbi münaqişənin nizamlanması üçün planını təqdim edib. Plan 12 bənddən ibarətdir. Müxtəlif məqamlarla yanaşı planda atəşkəs, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq və tədarük zəncirlərinin sabitliyini təmin etmək tələbləri öz əksini tapıb. Pekinin təşəbbüsü Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Volodimir Zelenski Çinin təkliflərinin sülh planı olduğu deyil, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir.