Bu həftə ABŞ prezidenti Cozef Baydenə ictimai dəstəyin səviyyəsi 36 faizə enib ki, bu da onun 19 aylıq prezidentlik dövrünün ən aşağı göstəricisidir.
Bu barədə məlumat Reuters agentliyi və Ipsos sosiologiya xidmətinin keçirdiyi sorğunun nəticələrində yer alıb. Sorğunun nəticələrinə görə, Cozef Baydenin reytinqi bir həftə öncə qeydə alınan 39 faizlik göstərici ilə müqayisədə 3 faiz geriləyib. Eyni zamanda, rəyi soruşulanların 59 faizi prezidentin fəaliyyətindən narazılığını dilə gətirib.
Cozef Baydenin nüfuzu demokratlar arasında da aşağı düşüb. Ötən həftə bu göstərici 74 faiz olduğu halda, indi 69 faiz təşkil edir. Respublikaçıların isə yalnız 11 faizi ABŞ prezidentin fəaliyyətini dəstəklədiyini bildirib. İyun ayında 9.1 faizlə 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya Cozef Baydenin populyarlığının azalmasına ciddi təsir göstərən amillərdən biridir.
İyulun 18-19-da online rejimdə keçirilən sorğuda 437 demokrat və 377 respublikaçı da daxil olmaqla, 1003 amerikalı iştirak edib.