8 C
Baku
Friday, December 13, 2024

Bazarda ət bahalaşdıqca, kolbasa-sosis ucuzlaşır

Qida təhlükəsizliyi ilə bağlı neqativ hallar səngimək bilmir. Hazırda ölkədə müxtəlif ərzaq mallarının istehsalından tutmuş satışınadək çoxsaylı nöqsanlara rast gəlmək mümkündür. Keyfiyyətsiz mallar, müxtəlif yollarla dükan-bazarlara, hətta iri marketlərə yol tapan keyfiyyətsiz ərzaqlar isə həm iştahamızı korlayır, həm də sağlamlığımıza və necə deyərlər cibimizə ciddi ziyan vurur. Düzdür, müvafiq dövlət qurumları bu sahəyə müdaxilə etsələr də, bir sıra neqativ halların qarşısını almağa nail olsalar da, keyfiyyətsiz məhsulların satışı azalmaq əvəzinə, günbəgün artır.

Ölkədə istehlakçılara daha ucuz qiymətə təklif olunan qida məhsulları sırasında kobasa və sosislərin mənşəyi məlum olmayan ətlərdən, həmçinin digər məhsullardan hazırlanması haqqında mütəmadi məlumatlar yayılsa da, vəziyyət əvvəlki axarı ilə davam edir. Müvafiq qurumlar tərəfindən aparılan tədbirlərin ciddi nəticələri isə, hələlik, nəzərə çarpmır.

Hazırda ölkədə standartlara uyğun, müasir tələblərə cavab verən 20-dən çox kolbasa və sosiska istehsalı müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, bazarda, küçə və yol qıraqlarında mənşəyi və istehsal ünvanı bəlli olmayan məhsulların satılması belə bir qənaətə gəlməyə imkan verir ki, bu sahədə gizli fəaliyyət göstərən sexlər də az deyil. Həmin sexlərdə isə, əsasən, ucuz və keyfiyyətsiz ətlərdən istifadə olunur. Əhali ölkədə qida məhsullarının təhlükəsizliyinin qorunması ilə bağlı dövlət siyasətinin mövcudluğuna arxayın olaraq, necə deyərlər, gözüyumulu, harada və necə gəldi, bu məmulatları alır. Belə ki, hazırda paytaxtın 8-ci Kilometr bazarı ətrafında, eləcə də bir sıra metrostansiyaların çıxışlarında üzərində etiketi olmayan qızardılmış, rəngi ilə diqqəti cəlb edən kolbasaların satılması hallarına daha çox təsadüf olunur. Kiloqramı, təqribən, 4-5 manata təklif edilən bu cür kolbasalar istehlakçıların marağına səbəb olur. Ona görə də, çoxları bu cür məhsullara üstünlük verir. Əhali arasında maarifləndirmə tədbirlərinin lazımi səviyyədə olmamasının nəticəsidir ki, heç kəs aldığı məhsulun mənşə sertifikatını tələb etmir.

Belə məhsulların qiyməti ilə keyfiyyəti isə çox zaman üst-üstə düşmür. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, istehlakçıların çox hissəsi satılan məhsulun qiymətinin baha olmasını onun keyfiyyətliliyi ilə əlaqələndirir və bu cür kolbasa və sosisləri faydalı hesab edərək onun alışına üstünlük verir. Halbuki bu yanaşma aldadıcıdır, nə xarici, nə də yerli məhsulların keyfiyyətini şərtləndirir. Ümumiyyətlə, məhsulda keyfiyyət göstəricisi qiymət amili olmamalıdır.

M.Hüseynova bildirir ki, bazarda 1 kiloqram keyfiyyətli ətin qiyməti 14-20 manat arasında dəyişir. Amma, necə deyərlər, gözdən, könüldən iraq yerlərdə bəzən 4-5 manata ət məhsullarının satışına rast gəlinir. çox güman ki, həmin məhsullar xəstə və ya ölü heyvanların ətindən hazırlanır. Əslində, bazara kiloqramı 14-20 manata çıxarılan ətdən belə ucuz qiymətə – 400 qramlıq “Halal” kolbasanın istehlakçıya 6-7 manata təqdim olunması ağlabatan görünmür. Bu da mövcud qiymətin məhsulun heç maya dəyərini ödəməməsi ilə bağlı müəyyən şübhələrə yol açır. Mütəxəssisin fikrincə, bu, immun sistemini aşağı salan, bağırsaqların hərəkətliliyini azaldan və müəyyən xəstəliklərə yoluxmaq risklərini gücləndirən məhsulun keyfiyyət göstəricisindən xəbər verir.

Sağlam qidalanma üzrə mütəxəssis, eyni zamanda, əvvəllər bu cür kolbasaların ev şəraitində hazırlandığını, məhsulun 80 faizinin ət, həmçinin ədviyyatlar təşkil ediyini vurğulayaraq belə məhsulların soyuducuda uzun müddət saxlanılmasının mümkünlüyünü və delikates kimi istifadə olunduğunu da diqqətə çatdırır.

Qeyd edək ki, kolbasa və sosislərin istehsalı zamanı bir sıra hallarda texnoloji proseslərə də ciddi əməl edilmir. Məhsulun hazırlanmasında az miqdarda ətlə bərabər, heyvanın digər hissələrindən, məsələn, qığırdaqlarından təmizlik prinsipinə laqeyd yanaşılmaqla istifadə olunur. Bu kimi narahatlıq doğuran məqamlara aydınlıq gətirən M.Hüseynova deyir ki, xaricdən ixrac edilən kolbasa məhsullarının istehsalı zamanı istehlaka yararsız heyvan ətlərinin qalıqlarından və ya xəstə heyvanların ətindən istifadə olunur, tərkibinə isə monosoidum qulitamad adında din duzu kimi tanıdığımız maddə qatılır. Belə bir təhlükəli qatqıya üstünlük verilməsinin isə məhsulun dadlandırılması və uzun müddət saxlanılması məqsədi daşıdığını bildirən qida ekspertinin sözlərinə görə, kolbasa və sosislərin tərkibinə qatılan monosoidum qulitamad, həm də istehlakçılarda dərin asılılıq yaradır, alıcıları davamlı olaraq həmin məhsuldan istifadə etməyə alışdırır.

Yeri gəlmişkən, ətin baha satılması müqabilində kolbasaların nə üçün ucuz olması sualına cavab verən ekspertlərin bir qismi isə bildirir ki, buna səbəb məhsulun hansısa yollarla əldə olunan keyfiyyətsiz ətlərdən istehsal edilməsidir. Kolbasa və sosislərə qəsdən hansısa bakteriya, virus, zərərli maddələr vurulmur. çox güman ki, ölmüş heyvan ətindən istifadə edilir, bu zaman, təbii ki, müəyyən qatqılar, alternativ məhsullar əlavə edilir. Bu vasitəyə bəzən də kolbasanın saxlanma müddətini uzatmaq, müxtəlif dad, ətir vermək, maya dəyərini aşağı salmaq üçün əl atılır. Belə hallar da, şübhəsiz, yalnız ciddi ekspertizanın nəticəsində aşkarlana bilər.

Kolbasa və sosislərin istehsal edildiyi müəssisələrdə xammalın saxlandığı soyuducu və dondurucu anbarlar da qida təhlükəsizliyinin tələblərinə cavab vermir. Müvafiq qurumların araşdırmaları əsasında məlum olur ki, bəzi istehsal müəssisələrində tam antisanitariya vəziyyəti hökm sürür, işçilərin geyimləri müasir tələblərə cavab vermir. Hətta bəzi sexlərdə istehsal prosesi zamanı istismara yararsız, köhnə avadanlıqlardan istifadə olunur. Bununla yanaşı, kolbasa və sosislərin, eləcə də digər oxşar məhsulların istehsalında istifadə edilən ətin saxlanma şəraitinə, temperatur rejiminə əməl olunmur. Bütün bunlar isə son nəticədə məhsulun keyfiyyətinə ciddi təsir göstərir.

Bir məqamı da qeyd edək ki, bəzi istehsalçılar məhsulun tərkibi ilə bağlı müxtəlif yanlış məlumatlarla istehlakçıları aldatmağa çalışır, hətta buna nail də olurlar. Belə ki, məhsulun üzərindəki etiketlərdə onun hazırlanmasında kərə yağından istifadə edildiyi bildirilsə də, yoxlama zamanı bunun bitki və bitki spred yağı olması aşkarlanır. Kolbasa və sosislərin müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixləri göstərilmir, hətta bəzən taraların üzərində yazılan tarixlə məhsulun üzərindəki tarix arasında uyğunsuzluq nəzərə çarpır. İstehlakçıların aldadılmasından söhbət düşmüşkən, bəzi sahibkarlar “halal” adı altında, əslində, haram işlərə əl ataraq donuz ətindən hazırlanmış kolbasa və sosisləri ticarət şəbəkələrinə göndərirlər.

Qeyd edək ki, qida təhlükəsizliyi ilə bağlı neqativ hallar ekspertlər, eləcə də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vaxtaşırı olaraq mediada yayılsa da, aparılan monitorinqlərin mənfi nəticələri elan olunsa da, bunun qarşısını almaq müşkülə çevrilir. Mənşəyi məlum olmayan ətlərdən, həmçinin digər məhsullardan hazırlanan keyfiyyətsiz kolbasa və sosislərin istehsalının dayandırılması, yaxud bu sahədə çalışan iş adamlarının cərimələnməsi, aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməsi, nəhayət, müxtəlif ticarət markası ilə kolbasa və sosislər hazırlayan istehsal sahələrinin fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatının ləğv olunması kimi tədbirlər də digərlərinə “dərs” olmur.

Belə halda sual yaranır: əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün müəyyən tədbirlərin nəticəsiz qalması, başqa sözlə, istehlakçı hüquqlarının pozulmasının davamlı xarakter alması nə ilə bağlıdır? Yaxud qida təhlükəsizliyində ciddi narahatlıq doğuran qanunsuz halların qarşısının alınması istiqamətində hansı qəti addımlar atılmalıdır? Fikrimizcə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəyində bu suallarla bağlı müəyyən məqamlara aydınlıq gətirilir. Yeri gəlmişkən, bu yazıda ekspertlərin istehlakçılara keyfiyyətli məhsul seçimi ilə bağlı tövsiyələrini də diqqətə çatdırırıq. Bildirilir ki, kolbasa məmulatlarının istehsalında məhsulun tərkib hissəsinin düzgün seçimi əsas şərtdir. Belə ki, kolbasa istehsalında mal, dana və donuz ətinə üstünlük verilsə də, qoyun, quş və digər ət növlərindən, həmçinin müxtəlif qida qatqılarından, duz, şəkər, ədviyyatlardan da istifadə olunur. Məhsulun çəhrayı-qırmızı rəngdə olması istehsal prosesində həmin xam məhsulların düzgün ardıcıllıqla istifadəsini göstərir və bu, keyfiyyətin əsas amillərindən biridir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığından və ya tezliklə təhlükəli vəziyyətə düşəcəyindən xəbər verir.

Sosislərin istehsalında da texnoloji prosesin pozulması məhsulun keyfiyyətinə gətirib çıxarır. Ekspertlər bildirirlər ki, keyfiyyətli sosis elastik olmalıdır. Məhsula yüngül təzyiq edildikdə qısa müddət ərzində öz əvvəlki formasına qayıtmalıdır. Əks halda, bu, sosisin tərkibində zülal və qatqı maddələrinin miqdarının çox olmasını göstərir. Eyni zamanda, sosisin qabığı bütöv, hamar və quru olmalıdır. Qabıqda zədə, selik, ərp yolverilməzdir və farşa tam şəkildə yapışmalıdır. Amma istehlaka yönəldilən bu növ məhsullarda vurğulanan tələblərə çox vaxt əhəmiyyət verilmir.

Ekspert rəyi:

Eyyub Hüseyov, Azad İstehlakçılar Birliyinin sədri:

Neçə illərdir, əhali tərəfindən ət və ət məhsulları ilə bağlı Azad İstehlakçılar Birliyinə müraciətlər ünvanlanır. Həmin müraciətlərdə istehlakçılar bu növ məhsulların markalanması, çeşidi, qiyməti və s. barədə suallar verirlər. Əksər hallarda istehlakçılar ət məhsullarının: kolbasa və sosislərin qiymətinin ətin qiymətindən dəfələrlə ucuz olmasının səbəbi ilə maraqlanırlar. Yeri gəlmişkən, yadıma SSRİ dönəminin məşhur bir məsəli düşür. O zaman kolbasa nədir, sualının bir cavabı var idi. Deyirdilər ki, kolbasa sudur, duzdur və bir də vicdan. Vicdan dedikdə, ət nəzərdə tutulurdu. Yəni kolbasa istehsalı zamanı çox vaxt yanaşma belə idi ki, nə qədər istəyərsən, o qədər qarışdırarsan, istəməzsən, heç qarışdırmazsan. Vaxtilə xalq arasında işlədilən bu ifadə bugünlərdə daha çox aktuallıq kəsb edir.

Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcə rahat şərait yaradıb. İndi heç bir dövlət məmuru hər hansı bir biznes qurumundan rüşvət tələb edə bilməz. Belə olan təqdirdə biznes qurumlarının gəlirləri, vergiləri ödəmək şərtilə, tam özlərinə qalır. Lakin təəssüflər olsun ki, biznes qurumları, o cümlədən ət və ət məhsullarının istehsalçıları və belə malların Azərbaycana idxalı ilə məşğul olanlar bu vəziyyətdən sui-istifadə edirlər. Bəziləri hökumətin yaratdığı bu rahat, toxunulmazlıq mühitini düzgün, adekvat qiymətləndirmir və ya qiymətləndirmək istəmir. Belələri bazara standartlara uyğun olmayan, insan sağlamlığı üçün zərərli olan ət məhsulları çıxarırlar. Əgər biz müasir supermarketlərə nəzər yetirsək, burada da müxtəlif kolbasa, sosislərin və ət məhsullarının çoxsaylı çeşidlərini görərik. Onların böyük bir hissəsi xaricdən gətirilir.

Təəssüflər olsun ki, marketlər kənardan gətirilən kolbasa və sosislərə daha geniş yer verir, nəinki yerli istehsala. Hansı ki, daxili bazarda Rusiyadan, Belarusdan və digər ölkələrdən gətirilən ət və ət məhsullarından daha keyfiyyətli, ekoloji cəhətdən daha təmiz məhsullar mövcuddur. Ancaq marketlər kimlər çox pul verirlərsə, onlara daha çox yer ayırırlar. İstehlakçılar birmənalı şəkildə bilməlidirlər ki, bütün hallarda müəyyən standartlara, sanitar-gigiyenik normalara uyğun olmayan kolbasa və sosiska istehsalçıları istisna olmaqla, müasir tələblərə cavab verən istehsal müəssisələrinin məhsulları xaricdən gətirilən istənilən məhsuldan qat-qat üstündür. Belə ki, xaricdən gətirilən məhsullar daha çox kimyalaşmış olsa da, daha yaxşı etiketlənir, daha yaxşı dada və qoxuya malik olduğu üçün çoxsaylı istehlakçı cəlb edir. Həmin məhsullar uzun məsafə qət etdiyi üçün müəyyən risklərlə üzləşə, müəyyən müsbət temperatur rejiminə düşə bilər. Bu səbəbdən yolda yenidən dondurulması mümkündür. Bunların qarşısı alınsın deyə, həmin məhsullar daha çox kimyalaşmaya məruz qalır.

Əgər biz yerli istehsal olan kolbasa və sosislərlə xaricdən gətirilən məhsulların etiketləri arasında müqayisə aparsaq, görərik ki, onların istehsal tarixi və yararlılıq müddəti tam fərqlidir. Xaricdən gətirilən məhsulların istehsal tarixi ilə yararlılıq müddəti arasında zaman fərqi daha böyükdür. İstehlakçılar birmənalı şəkildə bilməlidirlər ki, hansı məhsulun buraxılma tarixi ilə yararlılıq müddəti arasında məsafə kiçikdirsə, onlar daha təmizdir. Üstəlik, maya dəyəri ucuz başa gəlsin deyə, yerli məhsullar kimyalaşmaya daha az məruz qalır. Eyni zamanda, yerli kolbasa və sosislərin istehsalında ən çox yaşlı heyvan ətlərindən, eləcə də Hindistandan gətirilmiş camış ətindən istifadə olunur. Yeri gəlmişkən, camış inəkdən daha sağlam, baytarlıq dərmanlarına daha az məruz qalan bir heyvan cinsidir. Hazırda Hindistandan Azərbaycana külli miqdarda camış əti ixrac olunur. Ölkəmizdə kolbasa və sosislərin istehsalında bu ətdən geniş istifadə edilir. Təəssüflər olsun ki, uzun illər yerli istehsalçılar camış ətini məmulatın üzərində mal əti kimi qeyd ediblər. Əslində bu elə də ciddi qanun pozuntusu deyil. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsələyə müdaxiləsi nəticəsində belə halların qarşısı alınıb. Artıq yerli kolbasa və sosiska istehsalçıları məhsulun üzərində onun camış ətindən hazırlandığını qeyd edirlər. Yaşlı heyvanların əti son dərəcə bərk olduğundan yeməyə yararlı olmur. Ona gərə də yaşlı, uzun illər süd, bala vermiş heyvanlar sonradan istehsal müəssisələrinə göndərilir. Onların əti isə istehsalçılara 5-6 manata başa gəlir. Yerli müəssisələrin istehsalı olan kolbasa və sosislərin qiymətinin aşağı olması da, əsasən, bu amillə bağlıdır.

Bununla belə, Azad İstehlakçılar Birliyinin apardığı tədqiqatlar göstərir ki, xaricdən gətirilən kolbasa və sosislərdə ətin miqdarı çox az olur. Əksər hallarda məhsula heyvanın yeliyini, beynini və digər subməhsullarını, eləcə də kifayət qədər nişasta, soya unu və digər komponentlər qarışdırırlar. Bununla yanaşı, müxtəlif kimyəvi üsullarla məhsulu dadlı və yaxşı qoxulu edərək onun cəlbediciliyinə nail olurlar. Bu zaman məhsulun diqqətçəkən şəkildə etiketlənməsi də istehlakçıların marağına səbəb olur. dox təəssüflər olsun ki, AQTA bu seqmentin bütün sektorlarının əhatə edə bilmir.

Hesab edirəm ki, tarladan və ya fermadan istehlakçının masasına qədər qida zəncirində iştirak edən bütün subyektlər AQTA-da qeydiyyatdan keçməlidirlər ki, qurum onlarla müəyyən maarifləndirmə işi apara, eləcə də lazımi nəzarət tədbirləri həyata keçirə bilsin. Lakin markalanmayan və əslində təhlükəli olan ət məhsulları istehsalçılarının əksəriyyəti AQTA-da qeydiyyatdan keçməyiblər. Eyni zamanda, ölkədə yoxlama prosedurları lazımi səviyydə deyil. Düşünürəm ki, yoxlayıcı qurum qarşı tərəfə bir həftə öncə nəyi, nə məqsədlə araşdıracağını bildirməməlidir.

Qeyd etdiyim kimi, hökumətin biznes qurumları üçün yaratdığı rahat şəraitdən sui-istifadə halları, eləcə də xaricdən gətirilən və yerli standartlara uyğun istehsal olunmuş məhsullardan keyfiyyətcə çoxçox geri qalan, antisanitariya şəraitində istehsal olunan yerli məhsullar bazarda haqsız rəqabət mühiti yaradır. Bundan isə bütün qaydalara uyğun məhsul istehsal edən yerli sahibkarlar əziyyət çəkirlər. Standartlara uyğun məhsul istehsal edən müəssisələr isə öz bazarlarını qorumaq üçün heç bir addım atmırlar. Bunun da səbəblərindən biri budur ki, onlar birləşib öz bazarını qorumaq üçün müəyyən təşəbbüs göstərərlərsə, o zaman supermarketlər onları boykot edə, şəbəkədən çıxara bilər.

Yeri gəlmişkən, Azad İstehlakçılar Birliyi Nazirlər Kabinetinə marketlərlə təchizatçılar arasında münasibətləri tənzimləyən bir hüquqi sənədin hazırlanması ilə bağlı dəfələrlə müraciət ünvanlayıb. Təəssüf ki, hazırda belə bir sənədin mövcud olmaması səbəbindən marketlər təchizatçılarla istədikləri kimi davranır, istənilən vaxt onları şəbəkədən çıxara bilirlər. Hətta bəzi marketlər təchizatçılara olan külli məbləğdə borcları vaxtında qaytarmır. Belə olan təqdirdə istehsalçılar həmin vəsaitdən öz müəssisələrinin inkişafı üçün istifadə edə bilmirlər. Belə qaydaların olmamasına görədir ki, hazırda bazarda ət və ət məhsullarının satışı ilə bağlı böyük xaos hökm sürür. Az qala, addımbaşına istehlakçıların hüquqlarının pozulması, onların aldadılması hallarına rast gəlinir. Bütün keyfiyyətsiz məhsulların həyatımızda mənfi izləri vardır. Yeri gəlmişkən, Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Yediyimiz qidaların içində ət və ət məhsullarının payı çox olduğundan onların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Düşünürəm ki, hökumət bu sahədə ciddi iş aparmalı, xüsusən də AQTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. glkədə təhlükəli ətlərin kolbasa və sosiska məhsulları istehsalı müəssisələrinə, dönərxanalara gedən yolu bağlanmalıdır. Düzdür, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi regionlardan paytaxta gətirilən at, eşşək və ya ölmüş heyvanların ətlərinin Bakıya daşınması hallarını ifşa edir, ekspertiza aparır, cinayət işi açır, adamlar həbs olunur. Eyni zamanda, Azad İstehlakçılar Birliyi də 30 ilə yaxındır ki, anormal vəziyyəti izləyir, bu yolları təqib etməyə çalışır. Lakin bu sahədə lazımi nəticə əldə edilmir. Bütün hallarda istehlakçılar bazarda keyfiyyətsiz ət və ət məhsulları ilə rastlaşdıqda mütləq Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər.

Xalq Qəzeti

Son xəbərlər
Digər xəbərlər