6 C
Baku
Sunday, December 15, 2024

Bazarda “dollar bolluğu” olub, manat məzənnəsi möhkəmlənib – Mərkəzi Bankdan icmal

Azərbaycanda 2021-ci ildə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21.5% azalaraq 4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalına istinadən xəbər verir.

Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir.

İl ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. 2021-ci ildə Mərkəzi Bankda ümumilikdə 99 valyuta hərracı keçirilmişdir. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunmuşdur. Neftin dünya qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 245 mln. ABŞ dolları təşkil etmişdir.

İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. 2021-ci ildə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6993 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.0007 manat, satış məzənnəsi arasında fərq isə 0.0024 manat olmuşdur.

İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşmış, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12.1%, real effektiv məzənnəsi isə 12.4% bahalaşmışdır.

Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 22.4% ucuzlaşmışdır.

323423424

Son xəbərlər
Digər xəbərlər