Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 9,6% azalaraq 158,7 milyon dollara düşüb. Ötən ilin eyni dövründə bu göstərici 175,6 milyon dollar idi.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BƏƏ-nin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 5,4%-dən 4,3%-ə enib.
BƏƏ kapitalının Azərbaycandakı ən iri nümayəndələrindən biri “Masdar” şirkətidir. Şirkət artıq 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verib və hazırda SOCAR-la birlikdə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt günəş və Abşeron-Qaradağda 240 MVt külək elektrik stansiyalarını həyata keçirir. Bu üç layihənin ümumi investisiya dəyəri təxminən 1 milyard dollardır. 2026-cı ilin fevralında Energetika Nazirliyi Biləsuvar və Neftçala layihələrində işlərin davam etdiyini bildirib.
BƏƏ-nin digər iri investoru dövlət neft şirkəti ADNOC-dur. Şirkət 2024-cü ilin fevralında Azərbaycanın “Abşeron” qaz-kondensat yatağında 30% iştirak payının alınmasını tamamlayıb. Hazırda SOCAR və “TotalEnergies” yataqda hər biri 35%, ADNOC isə 30% paya malikdir. Sövdələşmənin maliyyə dəyəri açıqlanmayıb.
Sənaye sektorunda isə BƏƏ-nin “SENSEMI DMCC” şirkəti Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında transformator zavodu qurur. Layihənin investisiya dəyəri təxminən 17 milyon manatdır və müəssisədə ildə 3 min transformator istehsalı nəzərdə tutulur.







