“Berkshire Hathaway” şirkəti bu il qurucusu Uorren Baffeti əvəz edən yeni baş icraçı direktor Qreq Abel dövründə investisiya portfelində nəzərəçarpacaq dəyişikliklər edib.
Birinci rübdə “Berkshire” portfelinə “Delta Air Lines” və “Macy’s” səhmlərini əlavə edib. Eyni zamanda şirkət “Amazon”, “Domino’s Pizza”, “Mastercard”, “Visa”, “UnitedHealth Group” və “Diageo” səhmlərindən çıxıb.
Şirkətin “U.S. Securities and Exchange Commission”a təqdim etdiyi materiallara əsasən, “Berkshire” “Delta Air” səhmlərinə 2,65 milyard dollar, “Macy’s” səhmlərinə isə 55 milyon dollar yatırıb.
“Berkshire” həmçinin “Alphabet”dəki payını üç dəfədən çox artırıb. Birinci rübün sonunda şirkətin “Alphabet”dəki payı 16,6 milyard dollar təşkil edib və bu, portfeldə yeddinci ən böyük mövqe olub.
Bundan əlavə, “The New York Times Company” səhmlərinə 844 milyon dollar yatırım etməklə bu şirkətdəki pay iki dəfə artırılıb.
“Berkshire” eyni zamanda “Bank of America”dəki payını 0,7%, “Nucor”dakı payını 39%, “Constellation Brands”dəki payını 95,1%, “Chevron”dakı payını isə 35,2% azaldıb.
“Pershing Square Capital Management” hedc-fondunun rəhbəri Bill Akman birinci rübdə “Microsoft” səhmlərinə 2,4 milyard dollar yatırıb və bu alışın maliyyələşdirilməsi üçün “Alphabet” səhmlərini satıb.
Milyarder Daniel Loeba məxsus “Third Point LLC” isə əksinə, ötən rübdə “Microsoft” səhmlərindən çıxıb, lakin “Alphabet”də pay alıb.
“Soros Fund Management” şirkəti isə yanvar-mart aylarında “Oracle”, “Coca-Cola”, “Netflix” və “Verizon” daxil olmaqla bir sıra şirkətlərin səhmlərini alıb.
Xatırladaq ki, “Berkshire Hathaway” birinci rübdə xalis mənfəətini iki dəfədən çox, əməliyyat mənfəətini isə 18% artırıb.






