7 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Bank işi: “kredit oliqarxları”nın əmlakı satışa çıxarıldı

Nazirlər Kabineti Azərbaycan Beynəlxalq Bankının qaytarılmayan milyardlarla manat kreditinin əvəzində girov qoyulmuş və “Aqrarkredit” QSC-yə verilmiş əmlakların satışı üzrə Müsabiqə Komissiyasının yaradılmasına dair qərar verib.

Nazirlər Kabinetinin iyunun 26-da dərc edilmiş qərarına əsasən Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında prezident fərmanına əsasən “Aqrarkredit” ASC-yə verilmiş əmlak satışa çıxarılır.

Bu məqsədlə yaradılan müsabiqə komissiyasına maliyyə nazirinin müavini Azər Bayramov başçılıq edəcək. Komissiyanın tərkibinə İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və “Aqrarkredit”in nümayəndələri daxildir.

Müsabiqə Komissiyası “Aqrarkredit” ASC-in əsaslandırılmış təklifləri üzrə əmlakların satılması və ya kənar istifadəçilərə verilməsi barədə qərar qəbul edəcək. Hər bir əmlak üzrə müstəqil qiymətləndirmə də nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edəcək, əmlakların açıq hərraclarda satışının təşkil edilməsi üçün ixtisaslaşdırılmış təşkilatçıları seçəcək. Qərarda “Aqrarkredit” ASC-yə tapşırılır ki, əmlakların kənar istifadəçilərə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, digər vəzifələri həll etsin.

Qeyd edək ki, Beynləlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına dair fərmandan sonra bankın 5.6 milyard manatlıq problemli aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həmin kreditlər hesabına inşa etdikləri müəssisələr, daşınmaz əmlak və digərləri də daxildir. Göründüyü kimi “kredit oliqarxları”nın kütləvi həbsi bankdan götürülmüş kreditlərin geri qaytarılmasına əhəmiyyətli təsir göstərməyib və indi hökumət girov qoyulmuş əmlakın satışa çıxarılmasına dair qərar verib.

Məlumatı Virtual Azərbaycan yayıb

 

 

Son xəbərlər
Digər xəbərlər