LBC-nin verdiyi məlumata görə, 100-dən çox insanın ölümünə səbəb olan Beyrutdakı partlayışın vurduğu zərər 3-5 milyard dollar təşkil edəcək.
Banker.az xəbər verir ki, bu barədə paytaxtın qubernatoru Marvan Abbud bildirib.
O, həmçinin, partlayış baş verən yerdə iş zamanı on xilasedicinin öldüyünü, yüzlərlə insanın evsiz qaldığını söyləyib.
Xatırladaq ki, avqustun 4-ü Livanın Beyrut limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 4 minə yaxın insan yaralanıb. Ölkənin səhiyyə naziri Hassan Hamad söyləyir ki, xəstəxanalarda çarpayılar çatışmadığından onların çoxu hələ də tibbi yardım ala bilməyib.
Bildirilir ki, partlayış nəticəsində dörd xəstəxana dağıdılıb, oradakı xəstələr isə digər xəstəxanalara köçürülüb. Bundan əlavə, şəhərdə tibbi ləvazimatlar çatışmır və dünyada koronavirus pandemiyası mövcud olduğunu nəzərə alaraq, vəziyyəti fəlakətli adlandırmaq olar.