Korporativ qiymətli kağızlar bazarı Bakı Fond Birjasının (BFB) ümumi dövriyyəsində çox az yer tutur.
Bunu müsahibəsində BFB-nin sədri Vüqar Namazov deyib.
BFB sədrinin sözlərinə görə, korporativ qiymətli kağızlar bazarının inkişafı üçün böyük həcmdə iş həyata keçirmək lazımdır: “Ümumilikdə 2017-ci il BFB üçün dövriyyə baxımından rekord il oldu. Ötən il dövriyyə 13,6 milyard təşkil edib. Birjada ticarət beş bazarda – dövlət qiymətli kağızları, səhmlər, borc vasitələri, REPO əməliyyatları və törəmə vasitələr bazarında aparılır. Törəmə vasitələrini saymasaq, bazarın böyük hissəsi (80 faizə yaxını) dövlət qiymətli kağızlarının payına düşür. Bu onu göstərir ki, özəl sektorun inkişafı üçün çox iş görmək lazımdır”.
BFB sədri qeyd edib ki, dövlət qiymətli kağızları bazarı korporativ qiymətli kağızlar bazarı üçün nümunə ola bilər: “Biz hamımız gördük ki, SOCAR istiqrazlarının buraxılışı kütləvi istiqraz buraxılışlarına marağı artırdı. Biz artıq “Unibank”ın və METAK şirkətinin listinqini başa çatdırmışıq. Bu addım səhmlər bazarı üçün vacibdir. Hamı gözləyir ki, kimsə ilk addmı atsın və bu uğurlu olsa, hamı bu nümunəni götürəcək. Ona görə də böyük sayda qiymətli kağız buraxa biləcək böyük şirkət nümunəsi vacibdir”.