“Hazırda valyuta hərraclarının və ya forekslə bağlı digər əməliyyatlarının birja platformasına keçirilməsi ilə bağlı konkret plan yoxdur”.
Bu barədə Bakı Fond Birjasından Banker.az-ın sorğusuna cavab olaraq deyilib.
Fond birjası bildirib ki, “strateji prioritetimiz səhm və borc alətləri bazarının dərinləşdirilməsi, likvidliyin artırılması və kapital bazarının real sektor üçün alternativ maliyyələşmə mənbəyi kimi rolunun gücləndirilməsidir”.
BFB əmtəə fyuçersləri ilə bağlı da bənzər düşünür, lakin birjanın 2027–2029-cu illəri əhatə edəcək yeni strategiyanın hazırlanması zamanı bazarın inkişaf dinamikası və investor marağı nəzərə alınaraq bu kimi alətlərə yenidən baxıla biləcəyini bildirib.
Qeyd edək ki, hazırda Qazaxıstan Fond Birjasında tətbiq olunur və burada təngə də daxil olmaqla xarici valyutalar birja çərçivəsində ticarət edilir, USD/KZT və EUR/KZT cütlükləri aktiv şəkildə alınıb‑satılır. Bu sistem həm spot, həm də digər maliyyə alətləri üzrə əməliyyatlara imkan verir və Qazaxıstan bazarında valyuta ticarətinin əsas seqmentini təşkil edir.





