5 C
Baku
Friday, March 29, 2024

Bill Gates: “İnsanlar dövlətdən həddindən çox şey gözləyirlər”

Microsoft şirkətinin təsisçisi, milyarder və xeyriyyəçi Bill Gates, Reddit istifadəçilərinin suallarını cavablandırdı. O, hansı texnologiyaların daha perspektivli olması və nə üçün kriptovalyutalara etibar etməməsindən danışdı. Bill Gates-in ən maraqlı cavablarından bəzilərini dərc edirik. 

Sərvət və mənşə haqqında

Gözəl təhsilim mənə çox kömək oldu: 6 il dövlət məktəblərində, sonra isə özəl məktəbdə oxumuşam. Əgər kasıb ailədə anadan olsaydım, çox ehtimal ki, proqramlaşdırma və riyaziyyata olan marağımı inkişaf elətdirə bilməzdim və belə bir uğura imza atmazdım. 

Karyera seçimi haqqında

Kompüteri ilk dəfə 13 yaşımda gördüm. O məni valeh etdi. Proqramlaşdırmanı başa düşmək üçün  çox vaxt sərf etdim. Birinci BASIC-dən başladım və sonra digər dilləri öyrəndim. 16 yaşımda TRW Corporation-da proqramçı olaraq işə başladım, bu mənə daha çox şey öyrənməyə imkan verdi, baxmayaraq ki, buna görə 11-ci sinifdə dərslərdə iştirak edə bilmirdim. Bəxtim gətirdi, çox sevdiyim bir işlə məşğul idim. Demək olar ki, bütün qabiliyyətlərimə şübhə edirdim, lakin proqramlaşdırmanı bacardığıma əmin idim. 

Microsoft-da iş haqqında

Microsoft-da etdiyimiz hər şey təcili tədbirlər tələb edirdi. Biz rəqiblərimizdən öndə idik və çox yüksək sürətlə işləyirdik. İndi buna ehtiyac duyuram. İldə iki dəfə “düşünmək üçün həftələr” təşkil edirdim və uzunmüddətli trendləri öyrənirdim. Hal-hazırda malyariya kimi bir problemlə məşğulam və istəyirəm ki, bu sahədə rəqabət daha yüksək olsun və qərarlar daha tez qəbul olunsun.

Malyariya ilə mübarizə yolları haqqında

Malyariya problemi fondumuz üçün çox vacib olan məsələlərdən biridir. Ağcaqanad torları, spreylər və yeni dərmanların istifadəsi sayəsində bu xəstəlikdən ölənlərin sayı iki dəfə azalıb. Lakin gələcəkdə bizim yeni vasitələrə ehtiyacımız olacaq, çünki malyariya bütün mövcud vasitələrə uyğunlaşır. İnsanları uzun müddət qoruya biləcək peyvənd hələ də yoxdur, lakin biz onun inkişaf elətdirilməsinə investisiya qoyuruq. Hansı vasitələrin daha effektiv olacağını öyrənmək üçün bir çox model yaradırıq, sınaqlar keçiririk. Malyariya xəstəliyi ilə mübarizə aparmağın yollarından biri “gene drive” dır və bu gün bir onun üzərində çalışırıq. 

Altsheymer xəstəliyinin müalicəsi haqqında

Altsheymer xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sınaqları indiyədək uğursuz olub. Lakin sizin üçün yaxşı xəbərim də var: inkişaf elətdirdiyimiz yeni vasitələr bu xəstəliyi daha da yaxşı başa düşməyə kömək edir. Mən bu problemə nikbinliklə baxıram: böyük məlumatları ümumiləşdirib təhlil etsək və perspektivli startapları maliyyələşdirsək, növbəti 20 ildə Altsheymer xəstəliyindən əziyyət çəkənlərə kömək edəcək dərmanlar hazır olacaq. 

GMO (Genetik Modifikasiya olunmuş Orqanizm)

GMO məhsulları sağlamlığa heç bir təhlükə yaratmır və əgər insanlar bu texnologiyadan düzgün istifadə etsələr, dünyada aclıqdan əziyyət çəkən insanların sayı daha az olacaq. Mən tərkibində GMO olmayan məhsullardan qaçmıram, lakin bəzi insanların onları genetik modifikasiya olunmuş məhsullardan üstün hesab etmələri məni kədərləndirir. 

 

Avtomatlaşdırma haqqında

Sənaye inqilabından bəri avtomatlaşdırma istehsal səmərəliliyinin  artmasına təkan verir, traktorların meydana gəlməsini və ya toxuculuq sənayesinin mexanizasiyasını xatırlayaq. Proqram təminatının inkişafı ilə səmərəlik daha yüksək olacaq, buna görə biz insanları gələcəkdə ortaya çıxacaq peşələrə necə hazırlamaq olar barədə ciddi düşünməliyik. Ümumiyyətlə, avtomatlaşdırma gözəl bir şeydir. Onun sayəsində biz daha az işləyə biləcəyik. 

Gələcək texnologiyalar haqqında

Kompüterlərin oxumağı və başa düşməyi öyrəndiyi anı səbirsizliklə gözləyirəm. Möhtəşəm olacaq. Bu gün kompüterlər müəyyən sözləri axtara bilirlər, lakin tətil, karyera və ya ailənin nə olduğunu başa düşmürlər. Bu gün Microsoft və digər şirkətlər insanlar üçün faydalı olacaq virtual köməkçi üzərində çalışırlar. Kompüterlərin görmə və nitq qabiliyyəti məsələləri həll olandan sonra bu sahəyə maraq daha da artır. 

Perspektivli sahələrdən digəri isə robototexnikadır. İnsan vücudunun hərəkət etməsi və cisimlərlə qarşılıqlı əlaqəsi heyrətamizdir. Bəzi mütəxəssislər robotların növbəti on ildə insanla bərabər imkanlara malik olacağına inanırlar. Əmin olun ki, bunun üçün daha çox vaxt tələb olunur. 

Uğur haqqında

Siz müxtəlif sahələrdə müvəffəq ola bilərsiniz. Mən orta məktəbdə yaxşı qiymətlər alanda, 20 yaşımda kod yazanda, 1990-cı ildə xəyalım gerçəkləşəndə, bu gün yaxşı ata olmağa çalışdıqda və fondumuzun iddialı planları üzərində işlədikdə uğurlu olmuşam. Düşünürəm ki, uğur qazanacağınıza əmin olmadığınız sahələrdə hədəf qoymaq lazımdır. Mənim üçün bu sahələrdən biri qlobal istiləşmə ilə mübarizədir.

Gələcək maliyyə böhranı haqqında 

Dəqiq vaxtı söyləmək çətindir, amma böhran şübhəsiz ki baş verəcəkdir. Xoşbəxtlikdən, 2008-ci il böhranın nəticələrinin öhdəsindən gələ bilirik. Warren Buffett bu barədə çox danışıb və bu sahəni məndən yaxşı bilir. Mütəxəssislərin proqnozlarına baxmayaraq, mən gələcəyə nikbin baxıram və inanıram ki, innovasiyalar və kapitalizm dünyada insanların həyatını yaxşılaşdıracaqdır.



Kriptovalyutalar haqqında

Kriptovalyutaların əsas xüsusiyyəti anonimlikdir. Düşünmürəm ki, bu yaxşı bir şeydir. Dövlətin çirkli pulların yuyulması, vergidən qaçınma və terror təşkilatlarının maliyyələşdirilməsi hallarının qarşısını almaq imkanı olmalıdır. Kriptovalyutalar və ICO ətrafındakı spekulyasiyalar isə əlavə risklər yaradır. 

İqtisadi qeyri-bərabərsizlik haqqında

Düşünürəm ki, sosial müdafiə və bərabər imkanlar sistemlərini təkmilləşdirmək  lazımdır. 100 il əvvəl insanlar təhlükəsizlik yastığından məhrum idilər, indi isə bu sahə daha etibarlı hala gəlir. 

Məni təəccübləndirir ki, bir çox ölkələrdə miras vergisi tətbiq edilmir. Miras vergisi gəlirin yenidən bölüşdürülməsini yaxşı bacarır və sülalələrin yaranmasının qarşısını alır. Çatışmazlıqlarına baxmayaraq, son 200 ildə iqtisadi sistemimiz əhəmiyyətli maddi sərvətlər yaradıb, indi biz onların daha ədalətli paylanmasını məsələsini həll edə bilərik.

Prezident seçkilərində iştirakım haqında

Mən 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmayacağam, biz Melinda ilə fondumuza çox bağlıyıq. Razıyam ki, ölkənin Amerikanın dünyada uzun müddətli rolu, xəstəlikləri məğlub etməyimizə kömək edəcək tədqiqatlar, qlobal istiləşmə və təhsilin yaxşılaşdırılması barədə düşünən prezidentə ehtiyacı var. Ancaq mənə elə gəlir ki, insanlar dövlətdən həddindən çox şey gözləyirlər. 

Son xəbərlər
Digər xəbərlər