ABŞ-ın “Amazon” internet riteylerinin qurucusu və rəhbəri Ceff Bezosun sərvəti bir saatın içində 3,2 milyard dollar azalaraq 67,5 milyard dollara enib.
“Bloomberg”ə istinadən xəbərə görə, buna şirkətin 3-cü rübün yekunlarına dair təqdim etdiyi maliyyə hesabatı səbəb olub.
Hesabata əsasən 2016-cı ilin üçüncü rübündə “Amazon”un xalis gəliri 252 milyon dollar (bir səhm üçün 0,52 $) təşkil edib. Bu göstərici proqnozlaşdırılandan aşağı olub. Analitiklər hər səhm üçün 0,78 $ qiymət gözləyirdi. Açıqlanan xəbərin fonunda “Amazon”un səhmlərinin dəyəri NASDAQ birjasında 5,7% aşağı düşüb. NASDAQ-da əsas ticarət sessiyasının yekunlaşmasından 45 dəqiqə sonra “Amazon”un rəhbəri C. Bezosun sərvəti 67,5 milyard dollara geriləyib.
C. Bezos zəngin amerikalıların siyahısına 1997-ci ildə daxil olub və “Forbes” onun sərvətini 1,6 milyard dollar həcmində qiymətləndirib. O vaxtdan bəri “Amazon”un səhmləri 54000% bahalaşıb. Bu il oktyabrın əvvəlində “Forbes” zəngin amerikalıların növbəti reytinqini açıqlayıb və Bezos siyahıda 2-ci olub. O, il ərzində 20 milyard dollar qazanıb və “Berkshire Hathaway”in sahibi Uorren Baffeti 2-ci pillədən sıxışdırıb.