ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanan son statistika uçot dərəcəsinin artırılmasına təkan verir.
Sözügedən statistika açıqlandıqdan sonra treyderlər 2016-cı ilin yay aylarında uçot dərəcəsinin aşağı salınması ilə bağlı ehtimalların üstündən xətt çəkiblər.
“İyulda uçot dərəcəsinin 25 bənd artırılması ehtimalı sıfıra bərabərdir, lakin sentyabrda bu addımın atılacağı ilə bağlı ehtimallar 17,8%, ilin sonuna 33,5% artır”, – deyə birja operatoru olan “CME Group” nümayəndələri bildirir.
Birja iştirakçıları bildirir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun (“Brexit”) nəticələri açıqlandıqdan sonra Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən sentyabrda uçot dərəcəsinin aşağı salınması ehtimalları 20% artıb.
Bununla yanaşı, “Goldman Sachs”ın iqtisadçıları hesab edir ki, FED pul-kredit siyasətini sərtləşdirəcək: “Düşünürəm ki, ilin sonunadək FED uçot dərəcəsini azı bir dəfə qaldıracaq. İlin sonunadək uçot dərəcəsinin artırılması ehtimalı 67%-ə bərabərdir”.
APA