SpaceX NASA-nın qaranlıq enerjinin axtarışı üçün nəzərdə tutulan 4,3 milyard dollarlıq teleskopunu kosmosa göndərib

İlon Maskın SpaceX şirkəti NASA-nın dəyəri 4,3 milyard dollar olan teleskopunu kosmosa göndərib. Bloomberg yazır ki, bununla kainatın ən qeyri-adi hadisələrini müşahidə etmək üçün nəzərdə tutulmuş 5–10 illik missiyaya start verilib.

SpaceX-in güclü Falcon Heavy raketinə yerləşdirilmiş Roman kosmik teleskopu ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan buraxılıb. Buraxılış kosmik aparatı son təyinat nöqtəsinə, Yerdən təxminən 1 milyon mil uzaqlıqda yerləşən orbitə doğru istiqamətləndirib. Roman-ın artıq dekabr ayında müşahidələrə başlaması planlaşdırılır.

Məlumatda qeyd olunur ki, Roman teleskopu kainatdakı ən müəmmalı və sirli qüvvələrdən bəzilərinin axtarışı və öyrənilməsi üçün xüsusi olaraq hazırlanıb. O, xüsusilə qaranlıq materiya və qaranlıq enerjini araşdıracaq. Bunların kosmosun hər yerinə yayıldığı düşünülsə də, alimlər indiyədək onları birbaşa müşahidə edə bilməyiblər.

Roman qaranlıq materiya və qaranlıq enerjinin uzaq ulduz və qalaktikaların formalaşmasına necə təsir göstərdiyini araşdırmağa çalışacaq. Teleskop həmçinin alimlərə kainatımızın necə genişlənməsi ilə bağlı fundamental suallara cavab tapmağa kömək edəcək.

Kosmik aparat ekzoplanetlərin, yəni Günəş sistemindən kənarda digər ulduzların ətrafında dövr edən planetlərin axtarışı üçün də xüsusi avadanlıqla təchiz olunub. Alimlər ümid edirlər ki, Roman Yerə bənzəyən başqa planetlər tapa biləcək və bununla da kainatın başqa yerlərində həyatın mövcud olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

Roman teleskopu tez-tez “Hubble-ın anası” adlandırılan amerikalı astronom Nensi Qreys Romanın şərəfinə adlandırılıb. Söhbət 1990-cı ildən Yer orbitində fəaliyyət göstərən Hubble kosmik teleskopundan gedir. Nensi Qreys Roman NASA-nın ilk baş astronomu, eyni zamanda agentlikdə rəhbər vəzifə tutan ilk qadın olub.

Roman teleskopunun işığı toplamaq üçün nəzərdə tutulmuş güzgüsü ölçüsünə görə Hubble-ın güzgüsünə bənzəyir. Lakin yeni kosmik aparat müasir genişbucaqlı kamera ilə təchiz edilib və bunun sayəsində Roman-ın baxış sahəsi Hubble ilə müqayisədə 100 dəfə böyükdür.

Kosmik aparat həmçinin səmanı özündən əvvəlki teleskoplarla müqayisədə daha sürətlə skan edə bilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər