İyulun 20-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk kosmik missiyasının Yaponiyanın “Taneqaşima” Kosmik Mərkəzindəki kosmodromdan Marsa göndərilməsi uğurla həyata keçirilib.
Bu barədə BƏƏ-nin Məhəmməd bin Rəşid Kosmik Mərkəzi məlumat yayıb. “Hope Probe” Mars zondunu qırmızı planetin orbitinə çatdıracaq “Nippon” raketdaşıyıcının buraxılışı ərəb ölkələrinin, habelə dünyanın bir çox informasiya agentlikləri və telekanalları tərəfindən translyasiya olunub. Bu, ərəb dünyasında Marsa göndərilən ilk missiyadır.
Kosmosa buraxılışı iyulun 15-də nəzərdə tutulan, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salının kosmik gəmi Marsa 2021-ci ilin fevralında – BƏƏ-nin yaradılmasının 50 illik yubileyində çatacaq. Ərəb ölkələri arasında ilk missiyanın layihəsi əmirliklərin Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin ABŞ-ın Kolorado, Berkli və Arizona universitetləri ilə əməkdaşlığı şəraitində 2014-cü ildən həyata keçirilir. Mars zondunun planetin orbitində uçuşu altı ay davam edəcək və o, 493 milyon 500 min kilometr məsafə qət edəcək.
Qırmızı planetə göndəriləcək missiya BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi, habelə mühəndislik və texnologiyanın inkişafı baxımından əhəmiyyətlidir. Əmirliklərin rəsmiləri qeyd ediblər ki, kosmik gəminin buraxılışa hazırlanması apreldən başlayaraq Yaponiyada həyata keçirilib. BƏƏ-nin missiyası Marsın atmosferini və havasını tədqiq edəcək, Yerə məlumatlar isə gələn ilin avqust-sentyabr aylarında göndəriləcək. Kosmosa artıq 2 peyk və Beynəlxalq Kosmik Stansiyaya bir astronavt göndərən BƏƏ Mars missiyasını uğurla həyata keçirəcəyinə inanır.
Qeyd edək ki, ABŞ, Çin, Avropa Kosmik Agentliyi və Rusiyanın “Roskosmos” agentliyi də qarşıdakı illərdə Marsa missiya göndərməyi planlaşdırır.