Banker.az xəbər verir ki, Bitcoin rəqəmsal valyutasının kapitalizasiyası ona bu səviyyə üzrə dünyanın TOP-5 valyutası sırasına daxil olmağa imkan verib.
Bitcoinin qiyməti durmadan artır. Bu yaxınlarda onun qiyməti 15 min dolları keçdiyi halda, artıq bu göstərici 16-17 min dollar həddindədir.
Belə ki, Coinmarketcap portalının məlumatına görə, 8 dekabrda Bitcoinin məzənnəsi 17 min 56 dollar təşkil edib. Bəzi birjalarda Bitcoinin dəyəri artıq 18 min dollar olaraq göstərilib. Rəqəmsal valyuta sutka ərzində 15% bahalaşıb.
Bitcoinin dəyəri artdıqca onun kapitalizasiyası da artır. Belə ki, rəqəmsal valyuta yeni kapitalizasiya göstəricisi üzrə hind rupisini qabaqlayıb və dünyanın TOP-5 valyutası sırasına daxil olub. Bitcoin dekabr ayının əvvəlində artıq funt sterlinq və rus rublunu qabaqlamışdı.
Hazırda kapitalizasiya səviyyəsinə görə Bitcoindən öndə olan valyutalar dollar, avro, yuan və yendir. Bitcoin kapitalizasiyasına görə lider valyuta olmaq üçün demək olar ki, 5 dəfə bahalaşmalıdır.