6 C
Baku
Sunday, December 15, 2024
Home Xəbərlər Digər xəbərlər “Bizdə ailə birincidir, onlarda iş” – Cənubi Koreya şirkətində çalışan azərnaycanlı

“Bizdə ailə birincidir, onlarda iş” – Cənubi Koreya şirkətində çalışan azərnaycanlı

0
“Bizdə ailə birincidir, onlarda iş” – Cənubi Koreya şirkətində çalışan azərnaycanlı

Məmmədrəhim Nəcəfov: “Koreyalılar işlədikləri quruma öz ailələrindən çox önəm verirlər”

Qarşısına çıxan hər bir təklif və şansı dəyərləndirməyə, fərqli nələrsə etməyə çalışan biri kimi özünü xarakterizə edir. Deyir ki, hamının etdiyini deyil, daha başqa nələrsə etməyə cəhd göstərir. Ölkəmizdə də çalışıb, Türkiyədə də fəaliyyəti olub, hazırda Koreyada işləyir. Deyir ki, ölkəmizdə elə bir şans olsa, məmnuniyyətlə, qayıdıb burda çalışar. “Burda qazandığım təcrübə, bilik, əlaqəni gələcəkdə vətənim üçün istifadə etmək istəyirəm” – deyən müsahibimiz Cənubi Koreyanın BISON Medical şirkətində çalışan azərbaycanlı Məmmədrəhim Nəcəfovdur.

M.Nəcəfov 2008-ci ildə 531 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsinə daxil olub. 2009-cu ildə təhsilini dondurub, Koreyaya gedib: “Cənubi Koreyada Kyung Hee Universitetinin nəzdində Beynəlxalq Təhsil İnstitutuna qəbul oldum və bu ölkənin dilini öyrənməyə başladım. 2011-ci ilin yayına kimi koreya dili öyrəndim, elə həmin il Cənubi Koreyanın ən nüfuzlu 3 ali təhsil müəssisəsindən biri sayılan Koreya Universitetinin “Biznesin idarə olunması” fakültəsinə daxil oldum. Üçüncü kursda, “2007-2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilimi davam etdirmişəm. Bundan əlavə, universitet illərində BUTA (Koreya və Azərbaycan Tələbə Təşkilatı) və KUISA (Koreya Universiteti Beynəlxalq Tələbələr Təşkilatı) kimi müxtəlif tələbə təşkilatlarının aktiv nümayəndəsi olmuşam”.

1522339436 rahim2

Bizim üçün böyük təcrübə oldu

Universitetin sonuncu kursunda Koreyada işləməyə başlayır: “Universitetin dördüncü ilində orta ölçülü “Westgate Co., Ltd” adlı Koreya ticarət şirkətini qurduq. Əslində, şirkət bizim deyildi, Koreya investisiyası ilə təsis edilmişdi, amma biz o işi qururduq. Şirkət Cənubi Koreya istehsalı olan yüksək texnoloji məhsulların MDB məkanında yer alan dövlətlərin çoxuna, habelə Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinə ixracını və eyni zamanda adı çəkilən ölkələrdən kənd təsərrüfatı məhsullarının Cənubi Koreyaya idxalını həyata keçirirdi. Tələbə idik, müəyyən qədər bu işlərdə təcrübəsizliyimiz də oldu. Bu səbəbdən işi davam etdirə bilmədik, amma bizim üçün böyük təcrübə oldu”.

Türkiyədə “Ziran” adında şirkəti təsis etdik

Universiteti bitirdikdən sonra ölkəmizə qayıtmaq qərarı verir: “2015-ci ildə universiteti bitirdim və məndə belə bir hiss var idi ki, burda yaşadığım bəsdir. Cəmiyyətdən, yeməklərdən, mədəniyyət fərqindən sıxıldım və ölkəmə dönmək zamanıdır. Belə də etdim, qayıtdım və BMT-nin Azərbaycandakı qərargahında təcrübəçi oldum. Təşkilatın Azərbaycanda həyata keçirdiyi “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Programı” layihəsində yaxından iştirak etmişəm. Layihənin bir parçası olan www.az.one.un.org veb saytının ərsəyə gəlməsində və rabitə strategiyalarının (communication strategy) araşdırılması, inkişafı və tətbiqində iştirak etdim. Təcrübəçi kimi başlasam da, orda qalıb işləmək imkanı var idi. Amma orda kommunikasiya sahəsində çalışırdım, mənim sahəm biznes idarəetməsi idi. Gələcəyimi isə öz ixtisasım üzrə gördüyüm üçün, ordan uzaqlaşmaq və Türkiyəyə köçmək qərarı verdim. Türkiyədə iş qurmaq ideyası məndə tələbəlik illərindən var idi. Bir dostumla təcrübəni bitirdikdən sonra Türkiyəyə yerləşdik və orada “Ziran” adında şirkət təsis etdik. Şirkət Koreya kosmetikasının Türkiyədə onlayn platforma üzərindən satışını həyata keçirirdi. Koreyanın qabaqcıl şirkətlərindən “Leaders cosmetics”in Türkiyədəki rəsmi distribütörü olduq. Lakin sonra türk lirəsi devalvasiyaya uğradı, bu da bizim kimi gənc biznesmenlərin işinə mənfi təsir etdi, 2016-cı ilin sentyabrında Azərbaycana qayıtmağa qərar verdim. Burda “Medeks” tibb şirkətində layihə meneceri vəzifəsində çalışmağa başladım”.

1522339473 rahim3

Gənc, dəliqanlı vaxtlarımı Koreyada keçirmişəm

Ötən ilin yay aylarında isə Koreya üçün darıxmağa başlayır və yenidən həmin ölkəyə gedir: “İki ildən çox idi ki, Koreyanı tərk etmişdim. 2017-ci ilin yayında Koreya üçün darıxmağa başladım və iş həyatımı orada davam etdirmək qərarına gəldim. Gənc, dəliqanlı vaxtlarımı Koreyada keçirmişəm, ona görə bura artıq mənim üçün ikinci vətən kimidir. Amma burda gəlib işləmək üçün darıxmaq əsas səbəb deyildi. Daha önəmlisi, vətənim adına bir şeylər etmək istəyi idi. Düşündüm ki, mən Azərbaycan adına gəlib burda işləyərəm, vətənim üçün xeyirli olacaq fəaliyyət göstərərəm. Koreyaya qayıtdıqdan 15 gün sonra öz sahəsində orda top beşliyə daxil olan BISON Medical şirkətində regional satış meneceri olaraq işə başladım. Şirkət tibbi və kosmetoloji avadanlıqların istehsalatı və xarici bazarlara satışı ilə məşğuldur”

Koreyada həddindən artıq bürokratiya var

Koreyalıların çox işləməsi artıq hər kəsə məlumdur. Müsahibimiz deyir ki, bu, əslində, onun üçün elə də böyük problem deyil: “Çox işləmək əslində problemdir, amma mən artıq bunu o cür görmürəm, çünki öyrəşmişik. Yeni vaxtlarda bir çox şeylər çətin olur. Mədəniyyət, mətbəx belə fərqlidir, görünüşünlə belə seçilirsən. Təzə-təzə seçilmək xoş gəlir, amma müəyyən zamandan sonra bu, adamı sıxır, stressə də səbəb ola bilir. Bilirsiniz, burada həddindən artıq bürokratiya var, bu səbəbdən koreyalılarda çox işləmək problemi formalaşıb. Koreyada belə bir sistem var ki, müdir işdədirsə, o, gecə 11-də işi tərk edirsə, sən ondan sonra ofisdən çıxmalısan. Burda müdirdən əvvəl işçinin ofisi tərk etməyi xoş qarşılanmır. Ona görə belə bir iş mədəniyyəti formalaşıb. Amma burada da artıq sistem dəyişir, gənc nəsil köhnə rejimə etiraz edir. Deyirlər ki, işdə çox oturmaq, həddindən artıq ofisdə vaxt keçirmək işin keyfiyyətini artırmır. Şirkətlərin böyük qismində çox işləmək get-gedə aradan qaldırılır”.

1522339403 rahim4

İş bunlar üçün hər şeydir

M.Nəcəfov insanlarımızın xarakterində də fərq olduğu qənaətindədir: “Fərqlərdən biri odur ki, Koreyada insanlar şəxsi münasibət və konfliktlərini heç bir zaman işə yansıtmırlar. Əgər kollektivdə iki nəfər bir-birini sevmirsə, aralarında hər hansı konflikt varsa, onların bu münasibətləri işlərinə heç cür təsir etmir. Bizdə isə aralarında konflikt olanda – dəfələrlə şahidi olmuşam – bu, avtomatik olaraq gördükləri işin performansına təsir edir. Koreyada niyə belə deyil? Çünki bunlar işlədikləri quruma öz ailələrindən çox önəm verirlər. Səhər səkkizdən lazım olanda gecə birə qədər işləyirlər. Rəqabət böyük olduğu üçün bu cür işləməyə məcburdurlar. İngilislər demiş: iş bunlar üçün hər şeydir. İşə aludəlikləri, işin çox olması ailəyə az vaxt ayrılmasına gətirib çıxarır. Hətta buna görə Koreyada belə bir qanun qəbul edilib ki, üçüncü günlər şirkətlər bütün işçiləri saat 5-dən sonra buraxmalıdır. Dövlət bu qərarı ona görə verib ki, insanlar öz ailələri ilə vaxt keçirsinlər. Əks təqdirdə, ailəyə vaxt ayırmağa zaman qalmır. “Ailə günü” adlanan üçüncü günlərdə şirkətlər işçiləri məcbur buraxırlar ki, gedin ailənizlə zaman keçirin. Azərbaycanda da iş önəmlidir, amma ilə birincidir, onlarda iş. Lakin Koreyanın qısa zamanda sürətlə inkişaf etməsinin səbəbi də məhz onların bu xasiyyətidir. İş bunlar üçün hər şeydir. Əgər burda bir koreyalı işdən qovulursa, bu onun intiharına səbəb ola bilər. İşdən qovulmaq koreyalı üçün potensial intihar səbəbidir”.

…ürəyimi boşaldıb rahatlaşa biləcəyim koreyalını tapa bilmirəm

M.Nəcəfov deyir ki, koreyalılar həm də qapalı millətdir, hansı ölkəyə getsə, öz ölkəsinin adamları ilə ünsiyyət qurmağa çalışırlar: “Koreyalı başqa bir ölkəyə gedəndə mütləq onun çantasında Koreya yeməkləri görə bilərsiniz. Əgər Azərbaycana gələn koreyalının çantasını açsanız, onun içində “ramyon” deyilən tez hazırlanan Koreya yeməyi olacaq. Onlar getdikləri ölkənin yeməyini yemək istəmir. Getdikləri ölkənin adamı ilə tanış olub, onun mədəniyyətini öyrənməkdə maraqlı deyillər. Təbii ki mədəniyyəti və ölkəyə məxsus dəyərləri öyrənmək istəyir, çünki səyahətə gəlib, amma azərbaycanlı ilə deyil, bir koreyalı tapıb onunla gəzməyə çalışacaq. Universitetdə oxuyanda koreyalı dostlarımız çox idi. Bəziləri 2-3 il Amerikada, Kanadada yaşamışdı. Amma ingilis dilləri çox zəif olurdu. Soruºurdum ki, 2-3 il orda olubsansa, bu cür zəif ingilis dilin niyə olsun? Deyirlər ki, biz orda ancaq koreyalılarla oturub dururduq, xaricilərlə yox. Bizimkilər xarici ölkəyə gedəndə mədəniyyətləri ilə tanış olmaqda, oranın insanları ilə ünsiyyət qurmaqda maraqlıdırlar”.

1522339414 rahim5

Ölkədən xaricdə olan bir çox şəxs kimi o da vətəni, ailəsi üçün darıxdığını deyir. Amma iş mühitində də onun burnunun ucunu göynədən nüanslar var: “Azərbaycanda işlədiyim zaman əhvalım yerində olmasa, iş yoldaşıma deyə bilərəm ki, gəl beş dəqiq hava alaq, söhbət etmək istəyirəm. Hava aldığımız zaman məni narahat edən problemi onunla bölüşürəm, ürəyimi boşaldıram və gəlib işimə davam edirəm. Burda həmin məqamlarda ürəyimi boşaldıb rahatlaşa biləcəyim koreyalını tapa bilmirəm. Əslində tapıram, amma onun dediyi sözlər dərdimə məlhəm ola bilmir. Bu, mədəniyyət fərqidir. Azərbaycanda qarşındakının stressdə olduğunu biləndə ona elə sözlər deyirik ki, dərdi, stressi yadından çıxır. Burda bax, o cür səmimi sözləri, dəstəyi iş yoldaşlarımdan görə bilmirəm”.

İşdən sonra boş zamanın dəyərləndirilməsinə gəlincə, müsahibimiz öyrənməyə və dostlara vaxt ayırdığını dedi: “Hazırda PMP imtahanına hazırlaşıram, onu aldıqdan sonra dünyanın hər yerində istənilən qurum tərəfindən lisenziyalı professional layihə meneceri kimi tanına və çalışa biləcəyəm. Gündə iki-üç saat ona vaxt sərf edirəm, həftə sonları da. Ondan əlavə, burada BUTA təşkilatının üzvləri ilə görüşürük, sosial işlərimiz olur. Bacardığımız qədər azərbaycanlılarla ünsiyyətimizi saxlayırıq, yeni gələnlərə dəstək olmağa, azərbaycançılığı Koreyada təbliğ etməyə çalışırıq. İstəyirik ki, bizim gənclər Koreyaya gəlsin, burda oxusun, işləsin, təcrübə qazansın. Qismət olsa, burda qazandığı təcrübəni ölkəmizdə tətbiq etsin”.