İqtisadçı ekspert Vüqar Bayramovun Banker.az saytına verdiyi məlumata istinadən xəbər veririk ki, Azərbaycan iqtisadiyyatı 2013-cü ili iqtisadi baxımdan artımla başa vurdu. Belə ki, ilin yekunlarına əsasən Azərbaycan iqtisadiyyatında artım tempi umumdaxili məhsullarda 5,8 % oldu. Eyni zamanda qeyri neft sektorunda da 10% artım qeydə alındı. Bank sektoru Azərbaycanın qeyri neft sektorlarının əsas sahələrindən biridir. Azərbaycanda bütövlükdə iqtisadiyyatda baş verən dəyişikliklər bank və maliyyə sektoruna da müsbət təsir edəcək.
2014-cü il eyni zamanda həm Vergilər nazirliyi, həm də Dövlət tərəfindən qeyri nəğd hesablaşmaların dəstəklənməsi ili kimi yadda qalacaq. Eyni zamanda güman olunur ki, nəğd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı Vergi Məcəlləsində dəyişikliklər ediləcək. 2013-cü ilin sonunda yanacaq və benzin məhsullarının qiymətində olan artım, eyni zamanda 2013-cü ilin yekunlarında Azərbaycanda, xüxusilə də kütləvi kreditləşmədə müşahidə edilən artımın təxminən 20 % olması, 2014-cü ildən Mərkəzi bankın əsas funksiyalarından biri olan inflasiyaya qarşı mübarizənin daha çox gündəmdə olmasını proqnozlaşdırır.
Praktiki olaraq pul dövriyyəsində nəğd pul dövriyyəsinin həcminin artması artıq müşahidə edilir. Və kredit portfeli ümumi olaraq 20% -ə yaxın, istehlak kreditləşməsi isə 35% artıb. 2013-cü ilin yekunları göstərir ki, pul dövriyyəsinə böyük həcmdə nəğd pul daxil olub. Təbii ki, bir tərəfdən nəğd pulun həcminin artması, digər tərəfdən isə tənzimlənən qiymətlərdəki artım inflyasiyanı və qiymət artımını sürətləndirən əsas faktorlardır. 2014-cü ildə Mərkəzi bankın əsas funksiyalarından biri bank sektoru vasitəsilə pul dövriyyəsinə daxil olan nəğd pulların həcmini azaltmaq və buna uyğun olaraq istehlak kreditlərindəki artımın qarşısını almaq və Mərkəzi bankın proqnozlaşdırdığı təxminən 4% olan inflasiya səviyyəsinə nail olmaqdan ibarət olacaq. Nəzərə alsaq ki, 4 fevral 2014-cü il tarixdə keçirilən müşavirədə ölkə başçısı kommersiya banklarını daha çox biznes sektoruna yer verməsinə çağırdı. Bu isə o deməkdir ki, 2014-cü ildə əsas dəyişikliklərdən biri də o olacaq ki, banklar kütləvi kreditləşmədən daha çox biznes kreditləşməsinə üstünlük verəcəklər. Kommersiya banklarının kredit portfelinə nəzər yetirsək görərik ki, təxminən 1,5 mlrd təşkil edən kredit portfelinin yalnız çox az bir hissəsinin sənaye və istehsal kreditlərinə yönəldilən kreditlərdir.
Bu isə o deməkdir ki, Azərbaycanda sənaye və istehsal sektoruna yönəldilən kreditlərin həcmi çox aşağı olaraq, kredit portfelinin yalnız təxminən 14%-ni təşkil edir. Bu çox aşağı bir göstəricidir. Kredit portfelinin yerdə qalan digər 86% isə qeyri real sektora yönəldilir.
Təbii ki, burdan aydın görünür ki, kredit porfelində struktur dəyişikliyinin olması vacib məsələlərdən biridir. 2014-cü ildə iqtisadiyyatın şaxələnməsi ilə bağlı verilən rəsmi proqnozlara əsasən deyə bilərik ki, biznes kreditinin inkişaf etdirilməsi bankların təqdim etdiyi faizlərin dəyişməsinə gətirib çıxaracaq. Və nəticədə 2014-cü il Biznes kreditləşməsi ili kimi yadda qalacaq.