ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelaya qarşı əlavə sanksiyalar tətbiq etmək imkanlarını nəzərdən keçirir. Banker.az xəbər verir ki, bu barədə Ağ Evin planları ilə tanış olan mənbələrə istinadən “Bloomberg” yazıb.
Onların sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Karakasın Avropa və Asiya şirkətləri ilə neft ticarəti imkanlarına təsir göstərə bilər. Bildirildiyi kimi, konkret adlar çəkilmir.
Agentliyin daha əvvəl verdiyi məlumata görə, müvafiq planlar bir neçə ay ərzində Amerika administrasiyasında müzakirə edilib və bu məsələdə prioritet Venesuelada benzin ixrac etməyə başlayan İrana verilib. Həmsöhbətlərin qeyd etdiyi kimi, sanksiyaların tətbiqi ilə bağlı son qərar hələ verilməyib, lakin danışıqlar davam edir.
Avqustun 14-də “The Wall Street Journal” ABŞ hakimiyyətinin Venesuelaya gedən İran tankerlərindəki yük yanacağını müsadirə etməsi barədə məlumat verib. Məlum olub ki, ABŞ İrandan Venesuelaya neft daşıyan “Luna”, “Pandi”, “Bering” və “Bella” tankerlərini ələ keçirib. Nəşrə görə, bütün gəmilər Texas ştatının Hyuston şəhərinə yönləndirilib.
Donald Tramp bu məsələyə şərh bildirərək, taknerlərin ABŞ-da olduğunu təsdiqləyib. “Dörd tanker var idi. Onlar artıq Hyustondadır. İran bunu etməli deyildi, buna görə biz tankerləri saxladıq və Hyustona göndərdik”, – deyə prezident mətbuat konfransında bildirib.
Bildiyimiz kimi, ABŞ 2014-cü ildən bəri Venesuelaya qarşı sanksiyalar tətbiq edir. Karakas üçün ən ağrılı məqam, ölkənin Avropadakı hesabların dondurulması və ABŞ yurisdiksiyasında neft və qaz şirkəti olan PDVSA-nın aktivlərinin bağlanması olub.