Avropa Mərkəzi Bankı (ECB) növbəti iclasda əsas faiz dərəcəsini əvvəlki səviyyədə saxlayacaq. “Bloomberg”in iqtisadçılar arasında apardığı sorğuya görə, depozit dərəcəsi 2% səviyyəsində qalacaq.
Tənzimləyici hesab edir ki, son dövrdə artan geosiyasi gərginlik və avronun möhkəmlənməsi avrozona iqtisadiyyatına hələlik kritik təsir göstərməyib. Bu, ECB-nin pul-kredit siyasətinin parametrlərini dəyişmədiyi artıq ardıcıl beşinci iclas olacaq.
Analitiklərin fikrincə, faiz dərəcələri ən azı 2026-cı ilin sonuna qədər cari səviyyədə qalacaq, daha uzunmüddətli perspektivdə isə onların artırılması ehtimalı azalır. Son iclasdan bəri avrozonada inflyasiya hədəf səviyyədən aşağı enərək yanvarda 1,7%-ə düşüb. “Bloomberg” yazır ki, daha davamlı olan baza inflyasiyası da bir qədər zəifləyib, eləcə də xidmət sektorunda qiymət artımı yavaşıyıb.
Bununla yanaşı, avrozona iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib: 2025-ci ilin IV rübündə 0,3% artım qeydə alınıb ki, bu da ECB-nin gözləntilərindən yüksəkdir. Son biznes sorğuları da mülayim artımın davam etdiyini göstərir.
“Bloomberg”in qeyd etdiyinə görə, ECB qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənlik və valyuta ilə enerji bazarlarındakı dalğalanmalar fonunda ehtiyatlı davranmağa üstünlük verir.
2025-ci il 20 sentyabrda ECB prezidenti Kristin Lagard bildirmişdi ki, bank qiymət artımını cilovlamaq hədəfinə çatıb, lakin qeyri-müəyyənlik qalır. Onun sözlərinə görə, qeyri-müəyyənlik səviyyəsi təxminən 50% azalıb və bu, “əhəmiyyətli irəliləyişdir”.







