Noyabrın əvvəlindən etibarən Çinin böyük dövlət müəssisələri demək olar ki, tamamilə Rusiya neftinin ESPO markasının alışını dayandırıblar. Bu barədə “Rystad Energy” analitiklərinin məlumatlarına istinadən “Bloomberg” agentliyi yazır. Çinin özəl neft emalı zavodları da Rusiyadan yanacaq idxalını azaldıblar.
“Rystad Energy” analitiklərinin hesablamalarına görə, noyabr ayında Çinə dəniz yolu ilə Rusiya neftinin idxalı sutkada 500–800 min barel azalaraq normanın üçdə ikisinə düşə bilər.
Agentliyin dəqiqləşdirməsinə görə, Rusiyadan neft tədarükünün həcminin azalmasının əsas səbəbi Çinin iri neft emalı zavodlarından biri olan “Shandong Yulong Petrochemical” şirkətinin ABŞ və Böyük Britaniyanın qara siyahısına salınmasıdır. Digər səbəb isə “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı tətbiq olunan Amerika sanksiyalarıdır.
Sinqapurda yerləşən “Vanda Insights” analitika şirkətinin qurucusu Vandana Hari “Bloomberg”ə açıqlamasında bildirib ki, Çin şirkətləri ABŞ-nin sanksiyalara nəzarəti sərtləşdirəcəyindən ehtiyat edir.
“Energy Aspects Ltd.” konsaltinq şirkətinin analitiki Cianan Sun hesab edir ki, Çin zavodları Rusiya nefti ilə bağlı gözləmə mövqeyi tutacaqlar. Onun sözlərinə görə, Çinə “yeni alış kanallarını və təchizat zəncirlərini möhkəmləndirmək” üçün vaxt lazımdır.






