4 C
Baku
Saturday, December 20, 2025

“Bloomberg”: Dünyanın ən varlı adamları bir gündə rekord $304 milyard qazanıblar

Dünyanın ən varlı insanları bir gündə 304 milyard dollar qazanıblar. Bu, “Bloomberg”in milyarderlərin indeksi (Bloomberg Billionaires Index) tarixində ən böyük günlük qazancdır. Kəskin qazanc ABŞ prezidenti Donald Trampın bəzi ticarət tərəfdaşlarına tarifləri dayandırmaq vədindən sonra birjaların yüksəlişi zamanı baş verib.

Çərşənbə günü milyarderlərin sərvətindəki ümumi artım 2022-ci ilin martında müəyyən edilmiş 233 milyard dollarlıq əvvəlki rekordu qırıb. Aprelin 9-da S&P 500 (SPX) indeksi Donald Trampın ticarət siyasətinin müvəqqəti yumşaldılmasını elan etməsindən sonra 2008-ci ilin oktyabrından bəri ən yüksək qazancını göstərib.

“CNN Business”in dünən Bakı vaxtı ilə saat 22:03-ə olan məlumatına görə, Amerikanın ən iri sənaye şirkətlərinin səhmlərinin dəyərinin dinamikasını əks etdirən “Dow Jones” indeksi 6,83% artıb.

Ən böyük ABŞ şirkətlərinin bazar kapitallaşmasına görə fəaliyyətini izləyən “S&P 500” indeksi isə 7,8% bahalaşıb. “Nasdaq”da ticarət edilən bir neçə min şirkəti əhatə edən “Nasdaq Composite” indeksi 10% artıb.

“Apple” səhmləri Bakı vaxtı ilə saat 22:00-a qədər 12,29% dəyər qazanıb. “Nvidia” – 14,86%, “Tesla” – 17,28%. “Microsoft” və “Amazon” isə müvafiq olaraq 8,5% və 9,4% bahalaşıb.

Əksər kriptovalyutalar da böyüyüb. “Bitcoin” bir saat ərzində 4,32%, “Etherium” – 7,10%, “XRP” – 10%, “Solana” – 9,9%, “Cardano” – 9% dəyər qazanıb.

Elektrikli avtomobil istehsalçısının səhmlərinin 23% artması ilə “Tesla”nın CEO-su İlon Mask aprelin 9-da 36 milyard dollar zənginləşərək milyarderlər siyahısında yenə birincidir. Onun sərvəti hazırda 326 milyard dollar olaraq qiymətləndirilir.

Meta-nın CEO-su Mark Zuckerberq bir gündə demək olar ki, 26 milyard dollar qazanıb, indi onun kapitalı 207 milyard dollar təşkil edir. NVIDIA-nın baş direktoru Jensen Huangın sərvəti çip istehsalçısının səhmləri 19% artdıqdan sonra 15,5 milyard dollar artıb. Huangın xalis sərvəti hazırda 100 milyard dollardır.

Faiz ifadəsində dünyanın ən varlı adamları arasında ən böyük sərvət artımı “Carvana” şirkətinin baş direktoru Ernest Garsia III tərəfindən qeydə alınıb. Onun sərvəti işlənmiş avtomobil şirkətinin səhmlərinin artması sayəsində 25% (1,4 milyard dollar) artıb.

Son xəbərlər
Digər xəbərlər