8 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg” neft qiymətlərinin aşağı düşməsini ticarət müharibəsi ilə əlaqələndirdi

“Bloomberg”-in hesablamalarına görə, Brent markalı neftin qiymətlərinə təsir göstərmiş amillərdən biri ABŞ və Çin arasında gedən ticarət müharibəsi olub (70%), qalan 30% isə tələb və təklifin payına düşür.

Xatırladaq ki, aprel ayından bəri Brent markalı neftin qiyməti 20% azalıb. Çox güman ki, azalma tendensiyası gələn il də davam edəcək.

Banker.az xəbər verir ki, 21 oktyabr bazar ertəsi günü ICE Futures birjasında Brent fyuçerslərinin qiyməti 59,1 dollar təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışından 0,32 dollar azdır. Bununla yanaşı, Nyu-York ticarət birjasında (NYMEX) WTI markalı neftin fyuçersləri 0,21 dollar azalaraq bir barel üçün 53,57 dollar qiymətinə düşüb.

“Həmişə olduğu kimi, əsas mənfi amil ABŞ və Çin arasındakı ticarət müharibəsidir. Tərəflər bir-biri ilə razılığa gəlməyənə qədər neft bazarındakı əhval-ruhiyyə dəyişməyəcək”, – “Commerzbank-ın analitikləri qeyd edirlər.

Xatırladaq ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi 2018-ci ildə başlamışdır. Keçən ilin sonlarında G20 sammitində iki ölkə lideri 90 günlük barışıq elan etsələr də, 2019-cu ilin yazında ABŞ Çini danışıqları pozmaqda ittiham etdi. Gözləndiyi kimi, Çin bu ittihamları rədd edib və buna cavab olaraq Vaşinqton Çindən idxal olunan mallara tətbiq etdiyi ticarət tariflərini 10%-dan 25%-a qədər artırıb. Bunun ardınca Donald Tramp Çinin “Huawei” şirkətini ölkənin milli təhlükəsizliyi üçün təhdid hesab edərək qara siyahıya əlavə etmişdir.

2019-cu ilin avqustunda ABŞ prezidenti sentyabrın 1-dən başlayaraq dəyəri 300 milyard dollar olan Çin mallarına 10%-lik gömrük rüsumlarını tətbiq edəcəyini bildirmişdir. Buna baxmayaraq, ölkələr arasındakı ticarət danışıqları hələ də davam edir.

 

Son xəbərlər
Digər xəbərlər