Ötən həftə rublun qısamüddətli çöküşü fonunda Qazaxıstan təngəsinin məzənnəsi digər dünya valyutalarına nisbətən daha çox ucuzlaşıb, yeganə istisna Argentina pesosu olub, bu barədə “Bloomberg” yazıb. Cümə günü həm rubl, həm də təngə bahalaşıb – Qazaxıstan valyutası beş günlük itkidən sonra demək olar ki, 2% dəyər qazanıb.
Qazaxıstan Mərkəzi Bankı belə qənaətə gəlib ki, təngənin ucuzlaşması “rublun zəifləməsinə reaksiyadır”. “Aydındır ki, rubl və təngə arasında dollara nisbətdə əlaqə var. Amma biz artıq əvvəlki kimi yüksək və ya xətti korrelyasiya görmürük”, – agentlik qeyd edir.
Təngənin ucuzlaşmasının səbəblərindən biri rublun ilkin ucuzlaşmasından sonra onun daha da zəifləməsi ərəfəsində ixracatçıların xarici valyutanı satmaq istəməməsi olub. “Bloomberg” qeyd edir ki, Qazaxıstan valyutası 2022-ci ilin iyun ayının sonundan bəri rubla nisbətdə demək olar ki, 90% artıb.
Rublun ucuzlaşması fonunda Mərkəzi Bankın (MB) Direktorlar Şurası avqustun 15-də keçirilən növbədənkənar iclasında uçot faiz dərəcəsini dərhal 3.5 faiz bəndi artıraraq 12%-ə qaldırıb. Bazar iştirakçıları Mərkəzi Bankın qərarının məzənnəyə təsirini rublu dəstəkləmək üçün qeyri-kafi hesab edir və digər dəstək tədbirlərini, o cümlədən ixrac gəlirlərinin məcburi satışının qaytarılmasını gözləyirlər.