“Amazon”un qurucusu Ceff Bezosun “Blue Origin” şirkəti “New Shepard” suborbital kosmik gəmisini kosmosa uğurla buraxıb, bu barədə aerokosmik şirkətin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, bu, 2022-ci ilin sentyabrında baş verən qəzadan sonra ilk dəfədir baş verir.
Buraxılış Texasdakı meydançadan həyata keçirilib. “Blue Origin” saytının məlumatına görə, raket buraxılışı dekabrın 18-nə planlaşdırılıb, lakin yer sistemindəki problemlərə görə təxirə salınıb.
Press-relizdə deyilir ki, “New Shepard” elmi və tədqiqat məqsədləri üçün NASA-nın 33 yükünü suborbital orbitə çatdırıb. Bildirilir ki, elmi-tədqiqat müəssisələrinin, eləcə də kommersiya təşkilatlarının töhfələri hesabına orbitə çatdırılan yüklərin ümumi sayı 150-ni keçib.
“Blue Origin” raketinin əvvəlki buraxılışı 13 sentyabr 2022-ci ildə baş tutub, lakin kosmik gəmi gözlənilmədən alovlanıb. Kapsul raketdən ayrılaraq yerə paraşütlə atılıb, hadisədən zərər çəkən olmayıb.