Koronavirus pandemiyası səbəbindən turizm sektorundakı geriləmə 2021-ci ildə qlobal ÜDM-in 1.7 trilyon dollardan 2.4 trilyon dollara qədər itirməsinə gətirib çıxara bilər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bu proqnoz Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) çərşənbə günü Cenevrədə yayımlanan hesabatında yer alıb.
“Bu ilin ikinci yarısında beynəlxalq turizmdə canlanma gözlənilir, buna baxmayaraq UNCTAD-ın hesabatına görə, 2019-cu illə müqayisədə 2021-ci ildə 1.7 trilyon – 2.4 trilyon dollar itki proqnozlaşdırılır”, – hesabatda bildirilir.
Ən bədbin ssenaridə beynəlxalq səyahət bu il 75% azalacaq. Bu halda turizm sektoru 948 milyard dollar itirəcək və qlobal ÜDM ümumilikdə 2.4 trilyon dollar zərər görəcək. İkinci ssenari beynəlxalq turist səyahətlərinin təxminən 63% azalacağını nəzərdə tutur, üçüncüsü isə əhalinin əhəmiyyətli hissəsinin vaksinasiya olunduğu ölkələrdə turizmin 37% kiçiləcəyi proqnoz edir. İkinci ssenariyə görə dünya ÜDM-in itkisi 1.7 trilyon, üçüncüyə görə isə 1.8 trilyon dollar təşkil edəcək.
2020-ci ildə beynəlxalq turizmdəki geriləmə UNCTAD-ın hesablamalarına görə 2.4 trilyon dollar olaraq qiymətləndirilib. 12 ayda beynəlxalq turizm səfərlərinin sayı 1 milyard və ya 73% azalıb. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə turist axını təxminən 60-80% düşüb. Ən böyük itkilər Şimal-Şərqi və Cənub-Şərqi Asiya ilə yanaşı Okeaniya, Şimali Afrika və Cənubi Asiyada qeydə alınıb. Şimali Amerika, Qərbi Avropa və Karib dənizi əraziləri nisbətən az təsirlənib