BMT-nin Baş Assambleyası “İran İslam Respublikasında insan haqlarının vəziyyəti”nə dair qətnamə layihəsini təsdiq edib.
80 ölkə layihənin lehinə, 29 ölkə əleyhinə səs verib. 65 ölkə isə bitərəf qalıb. Qətnamədə İran hökumətindən ölkədə etirazçılara qarşı hər cür zorakılıq və sistematik ayrı-seçkiliyi dayandırmaq tələb edilib. Qətnamənin əleyhinə çıxan ölkələrin bir çoxu avrotitar üsul-idarəyə üstünlük verən dövlətlərdir.
Qətnamədə İranda edamların artması, milli azlıqların diskrimnasiyaya məruz qalmasına, aksiyaların qarşısının zorakılıqla alınmasına və digər hüquq pozuntularına yer verilib.
BMT Baş Assambleyası bu layihəni təsdiqləməklə İran hakimiyyətini zorakılığı, edamları, milli ayrı-seçkiliyi dayandırmağa çağırıb.
Layihədə həmçinin iranlı qadınların təməl haqlarının pozulması, onlardan bəzilərinin təhsil, iş imkanlarından, siyasi, iqtisadi və mədəni sferada fəaliyyətdən məhrum edilməsinə toxunulub.
Qətnamədə qadınların müdafiəsi, onların ədalət mühakiməsinə bərabər çıxışının təmin olunması, namus qətliamları, erkən və məcburi nikaha daxil edilməsinə son qoyulması tələb olunur.